Naxçıvanda dekan və prorektor cinsi xarakterli iddialardan sonra işdən çıxarılıb

Naxçıvanda dekan və prorektor cinsi xarakterli iddialardan sonra işdən çıxarılıb
Gündəlik Naxçıvan

Naxçıvan Dövlət Universitetində (NDU) qadın tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif edən dekan vəzifəsindən azad olunub. Universitetin bir prorektoru da oxşar iddialarla əlaqəli olaraq işdən çıxarılıb.

Gündəlik Naxçıvan yazır ki, adı açıqlanmayan dekan öz ərizəsi ilə işdən çıxmağa məcbur edilib. Hadisənin ictimailəşməsi bir qrup qadın tələbənin “Gündəlik Naxçıvan” platformasına müraciətindən sonra baş vermişdi. Tələbələr universitet rəhbərliyini məsələyə biganə yanaşmaqda ittiham edirlər.

Zərərçəkmiş tələbələrin bildirdiyinə görə, onlar bütün faktları və sübutları rektorluğa təqdim etsələr də, məsələ araşdırılmayıb. Şikayətlərə cavab verilmədiyi üçün media ilə əlaqə saxladıqlarını deyən tələbələr əlavə ediblər:

“Ortada cinayət tərkibli əməl var. Vaxtında araşdırılmadı, biz də ictimailəşdirdik. Bu işə hüquq-mühafizə orqanları müdaxilə etməlidir. Əks halda, əlimizdəki görüntüləri internetdə yayacağıq.”

Universitet rəhbərliyi isə məsələ ilə bağlı yayımladığı rəsmi açıqlamada yayılan xəbərləri təkzib etmiş, məlumatı ictimailəşdirən şəxslərin müəyyənləşdirilərək cəzalandırılacağını bəyan etmişdi. Tələbələr bu açıqlamaya da münasibət bildiriblər:

“Əgər yayılan məlumatlar yalandırsa, dekan niyə öz ərizəsi ilə işdən çıxmağa məcbur edilib? Rəhbərlik məlumatı kimin verdiyini bilir. Sadəcə cəmiyyətin qınağından qorunmaq üçün adımızı açıqlamırıq.”

Tələbələr ölkə rəhbərliyinə müraciət edərək dekanın, digər müəllimlərin və universitet rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Paylaş