
“Gündəlik Naxçıvan”ın məlumatına görə, Naxçıvanın Şərur rayonunda bir ana və iki azyaşlı övladı polis müdaxiləsi ilə yaşadıqları evdən zorla çıxarılıb. Ailəyə şəxsi əşyalarını, hətta geyimlərini götürmək üçün belə imkan verilməyib və onlar soyuq hava şəraitində bir neçə gün parklarda gecələmək məcburiyyətində qalıblar.
Zərərçəkən Günel Əsgərovanın sözlərinə görə, əvvəllər yaşadıqları ev atasından qalan miras hesabına tikilmişdi. O iddia edir ki, boşanmadan sonra keçmiş həyat yoldaşı Emin Əliyev evi onun razılığı olmadan və saxta yollarla satıb. Məlumata görə, Şərur Rayon Məhkəməsi də evin boşaldılması ilə bağlı qərar çıxarıb.
Əsgərova baş verən hadisə ilə bağlı sənədləri tələb etsə də, ona təqdim edilməyib. Həmçinin, mülkiyyətin kimə satıldığı barədə də məlumat əldə edə bilməyib. O, məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət etdiyini, lakin müraciətlərinin cavabsız qaldığını vurğulayır.
“Məhkəmə və icraçılardan dəfələrlə tələb etsəm də, evin satılması ilə bağlı sənədi mənə göstərmək istəmədilər. Evin kimə satıldığı da bəlli deyil. Sadəcə deyirdilər ki, çıxın evdən. Qanunsuz olduğuna görə evdən çıxmağa etiraz edirdim. Şikayət etmədiyim yer qalmadı, hamı onların sözünü dedi. Kimsəsiz ananı dinləyən olmadı. Ceyhun Cəlilov da bizi qəbul etmək istəmir. Emin deyirdi ki, hakim Seymur Qarayevin cibinə pul basmışam, hara şikayət etsən də xeyri olmayacaq.”
Şikayətçinin iddiasına əsasən, sonradan məhkəmə icraçıları və polis əməkdaşları evə gələrək ailəni məcburi şəkildə çıxarıb. Onun sözlərinə görə, hadisə kənd sakinlərinin gözü qarşısında baş verib və onlar bir müddət küçədə qalıb. Hazırda onların kirayə mənzildə yaşadığı bildirilir.
“Hər gün bir maşın polis gəlib bizi öldürməklə hədələyir, təhqir edir, evdən çıxmağımızı tələb edirdi. Bir gün də gəlib evə soxuldular və bütün kəndin gözü qarşısında bizi təpikləyə-təpikləyə evdən çölə atdılar. Corablarımızı belə götürməyə imkan vermədilər. Gedəcək yerimiz olmadığı üçün bir neçə gün soyuq havada parklarda qaldıq. İndi kirayədə qalırıq. Qardaşım əl tutmasa, uşaqlarım acından öləcək. Mən halalca evimi istəyirəm. Mənim icazəm olmadan satılan evimi. Üstəlik cehizlərimi də götürməyə imkan vermirlər.”
Günel Əsgərova evin onun razılığı olmadan satıldığını və şəxsi əmlakını götürə bilmədiyini qeyd edərək, aidiyyəti qurumlardan hüquqlarının bərpa olunmasını tələb edir. Hadisə ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb.
