

Naxçıvanın Kəngərli rayonunda 14 yaşlı oğlana 3 hərbi qulluqçu tərəfindən təcavüz edilməsi hadisəsində hakim yüngül qərarlar çıxarıb. Hətta onlardan birinə “homoseksualizm psixi xəstəliyinə əziyyət çəkdiyini” əsas gətirərək 9 ay cəza verib. Bir hərbçiyə isə heç bir cəza verilməyib.
Bu qərarı çıxaran hakim Hüseynov Səxavət Səməd son 12 ildə Naxçıvandakı məhkəmə-hüquq sistemində yüksək vəzifələrdə çalışır. Onun Ədliyyə Nazirliyinin saytında fotoşəkli olmadığından sadəcə Naxçıvan Ali Məhkəməsinin Rəyasət Heyətinin keçirdiyi onlayn iclaslardan olan görüntülərini əldə edə bildik.
Səxavət Hüseynov Naxçıvandakı əsas siyasi işdə də hakimlik edib. 2022-ci ilin dekabrında Vasif Talıbovun vəzifədən uzaqlaşdırılmasından sonra həbs edilən Naxçıvanın Penitensiar Xidmətinin keçmiş rəisi Tofiq Həsənovun cinayət işinə də onun yer aldığı məhkəmə kollegiyası baxaraq 10 il həbs cəzası qərarı çıxarıb. Təcavüzə məruz qalan yeniyetmənin atası Novruz Musayev iddia edir ki, övladına təcavüz edən hərbçilər rüşvət qarşılığında sərt cəzadan yayınıblar və onlardan biri olan Araz Əsədov heç bir cəza almayıb.
Digər təqsirləndirilən şəxs Sənan Pənahov haqqında isə onun homoseksuallıqdan əziyyət çəkdiyi əsas gətirilərək 9 aylıq cəza çıxarılıb. Hakim Səxavət Hüseynovun çıxardığı qərarda qeyd olunur:
“Məhkəmə-ambulator psixiatrik ekspertizasının N6 may N0N5-ci il tarixli N46 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs “Homoseksualizm” psixi xəstəliyinə tutulmuş…Təqsirləndirilən şəxs həmin xəstəliyə orqanizmin ümumi xəstəliyi nəticəsində tutulmuş, təqsirləndirilən şəxsdə homoseksualizm əlamətləri müşahidə olunur.”
Hələ ki yeniyetmənin ailəsinin qərardan yuxarı instansiya məhkəməsinə şikayət edib-etmədiyi dəqiq bilinmir. Hakim Səxavət Hüseynovun homoseksuallıq psixi xəstəliyindən əziyyət çəkməsi əsası ilə təcavüzçünün cəzasını yüngülləşdirməsi, əgər bu qərar üst məhkəmədə ləğv edilməzsə hüquqi presedent yarada bilməkdədir. Bu isə gələcəkdə digər hakimlər tərəfindən kişilərin azyaşlı oğlanlara təcavüz etməsi hallarında eyni əsasla yüngülləşdirici cəza qərarları çıxarmasına yol aça bilər.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, azyaşlıya qarşı cinsi zorakılıq 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Lakin hakim Hüseynovun çıxardığı bu qərar qanunun tələbləri ilə ziddiyyət təşkil edir.