
Tələbələrin ictimaiələşdirdiyi məlumata görə, bu əməllər fakültə dekanları tərəfindən edilir. Tələbələrinşikayətlərinə isə məhəl qoyulmur, əksinə onlar təhdid edilirlər. Sosial mediada paylaşılan məlumatlara əsasən, NDU-nun fakültə dekanları bir qrup qız tələbəyə qiymət qarşılığında cinsi əlaqədə olmağı təklif ediblər. Zərərçəkənlər bildirirlər ki, bu hal əsasən Fizika-riyaziyyat fakultəsində baş verir. Bu haqda Facebook sosial şəbəkəsində “Gündəlik Naxçıvan” səhifəsinə bir qrup zərərçəkmiş tələbə qız məlumat verib.
Zərərçəkmiş tələbələrdən biri bildirib ki, imtahana hazırlıqlı gəlsə də, onu qəsdən imtahandan kəsiblər. Qiymətini düzəltmək üçün yay məktəbinə gəlməyə məcbur olub və bu zaman dekan tərəfindən ona əxlaqsız təklif edilib. Tələbə qız qeyd edir ki: Gözəl, gözə gəlimli qızların çoxunu oxusalar da, qəsdən kəsirlər. Sonra da qiymət yazmaq üçün dekan onlara əxlaqsız təklif edir. Yəqin ki, razılaşanlar da olub. Lakin, mən və bir neçə başqa qız bunu bildiyimiz üçün əvvəlcədən nə edəcəyimizi planlaşdırmışdıq. Dekan Məftun müəllimin bizi qəbul edib, öncə təhdid sonra isə əxlaqsız təklif etməsini ayrı-ayrılılıqda gizli videoya çəkdik. Sonra isə, bu faktları dekanın qadın olan müavininə verdik. O da hər şeyi protokollaşdırıb, rəhbərliyə təqdim etdi.
İndi, dekanı cəzalandırmaq yerinə bizi təhdid edirlər ki, niyə gizli video çəkmisiniz. İnsanların namusu ilə oynayanlara, iş yerini əxlaqsızxanaya çevirənlərə söz deyilmir, biz zərərçəkənləri gözümçıxdıya salırlar. Digər zərərçəkən isə bildirir: Biz istəyirdik ki, bu məsələ universitet daxilində həll olunsun, Azərbaycan ictimaiyyəti bu biabırçılıqdan xəbər tutmasın. Lakin, rəhbərlik əxlaqsız dekan və müəllimləri cəzalandırmaq yerinə, bizi təhdid etməyə başladı. Biz də məcbur qalıb, bu məsələni ictimailəşdiririk. Təkcə dekan yox, fakültənin başqa bir kişi müəllimi də belə əxlaqsızlıqla məşğuldur. Biz dövlət rəhbərindən tələb edirik ki, əxlaqsız dekan və onun kimi müəllimlər universitetdən qovulub, cəzalandırılsınlar. Naxçıvan Dövlət Universiteti isə son günlər yayılan bu məlumatlara heç bir münasibət bildirməyib.
Cinayət məcəlləsinə əsasən şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər hesab olunur və ona uyğun şəkildə məsuliyyət yaradır. Belə ki,NDU-da baş verən hadisə açıq şəkildə “zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə”-dir (maddə 151). Bu cür hallar bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda burda vəzifə səlahiyyətlərindən sui-istifadə hallarını da müşahidə edirik (maddə 308).