Metro polisi kuir gəncə qısnama edib

Metro polisi kuir gəncə qısnama edib

Kuir gənc Fərid (ad şərtidir) Bakı metrosuna daxil olarkən polislər tərəfindən qısnamaya məruz qalıb.

Fərid bildirir ki, o metroya daxil olarkən hər kəs kimi çantasını yoxlama aparatına qoyub. Aparatdan keçdikdən sonra çantasını götürərkən aparata nəzarət edən polis “çantanın içindəki nədir, dəmirdir?” deyə ondan soruşub və çantanı yanına gətirərək açmasını tələb edib.

“Çantamdan geyim, kukla və lövhə çıxdı. Sonra aparata nəzarət edən polis başqa bir polisi çağırdı. Mən başa düşmədim ki, o niyə başqa bir polisi çağırır. Yeni gələn polis isə başladı üstümə qışqırmağa. O, qışqıra-qışqıra deyirdi ki, “bu nə kukladır, sənin yaşıdların elə edir, belə edir, sən kukla oynadırsan”.

Daha sonra aparata nəzarət edən polis Fəridə “nəsən sən?” şəklində sual edib. Fərid deyir ki, “məcbur olub LGBT fərdi olduğumu dedim”. Bundan sonra isə onun üzərinə daha da çox getməyə başlayıblar və o, əsassız şəkildə metro girişindəki polis məntəqəsinə aparılıb.

“Kuir olduğumu dedikdən sonra daha da səs-küylə qışqırmağa başladılar. “Bu nədir ala? Adın nədir? Biraz möhkəm de! Düz dur! Bu nə duruşdur, petuxsan? Petux duruşudur bu!” kimi ifadələr işlədib güldülər. Sonra bir neçə adam da toplaşıb baxdı. Gələn hər kəs mənə baxırdı və sonra üzünü yelləyib gedirdi”.

Kuir gənc bildirir ki, sözlü zorakılıq və aşağılamardan sonra polislər ondan telefonunun şifrəsini yazaraq açmasını tələb ediblər. O, bunun səbəbini soruşduqda “bizi çəkmisən” deyiblər və o, telefonu açmağa məcbur olub. Fərid deyir ki, telefon onların yanında masada idi və baş verən aşağılama boyunca onları çəkmədiyi aydın idi.

“Sadəcə bunu bəhanə etdilər və mən məcbur qaldım ki, telefonu açım. Sonra onlar telefonuma girib bütün foto və videolarıma baxdılar. Məruz qaldığım qısnama ilə yanaşı şəxsi həyatın toxunulmazlığı hüququmu da pozdular”.

Qıy vaar! qısnamaya məruz qalan gənci tanıyır, real hadisə olduğuna əmindir, sadəcə qurbanın təhlükəsizliyi üçün anonimliyi maksimum qorumaqla bu xəbəri verir.

Paylaş