
4 noyabr günü Bakının mərkəzində baş verən homofob qətl barədə daha əvvəl məlumat vermişdik. Rüzgar adlı kuir gəncin yaşadıqları ictimailəşdikdən sonra sosial mediada geniş kampaniyalar başlayıb və tanınmış müğənnilər də bu məsələyə səs veriblər.
Məşhur müğənni Murad Arif paylaşımında qeyd edib:
“Bakıda bir Queer gənc əmisi tərəfindən bıçaqlanaraq öldürülüb. 19 yaşı vardı. Həyat dolu idi. Öz həyatı, öz seçimləri, öz haqları vardı. Lakin, fərqləndiyi üçün, həyatı yarıda kəsildi. Cəmiyyət olaraq gedəsi yolumuz varmış demək. ‘nifrət’ əvəzinə ‘ANLAYIŞ VƏ SEVGİ’ öyrənməliyik hələ. Amma bu ‘uşağın’ həyatı geri dönməyəcək.”
Eurovision təmsilçimiz Samra da öz sosial media hesabından paylaşım edib:
“Bir gəncin həyatı nifrətin qurbanı oldu… 19 yaşında bir insan, sadəcə özü olduğu üçün həyatını itirdi. Heç kim özü olduğu üçün ölməməlidir. Sevgi günah deyil. Ruhun şad olsun Rüzgar. Hər kəs insani dəyərlər və hüquqlar baxımından azad və bərabər doğulur! Hər bir insan təhlükəsiz yaşamaq haqqına malikdir!
Bərabərik!
Nə az nə çox
Bərabərik!
Üstünlük yox!!!”
