
Bakının Yasamal rayonunda bir sakin inzibati qaydada həbs edilib. Hadisə dekabrın 16-da gecə saatlarında baş verib. Bu barədə məlumat yayan yerli media isə sakinin orientasiyasına vurğu edərək xəbəri “cinsi azlıq polisə tabe olmadı” başlığı ilə tirajlayıb.
Məlumata görə, yaşayış binasında səs-küylə bağlı daxil olan şikayət əsasında polis əməkdaşları hadisə yerinə gəlib. Şəxs polis şöbəsinə aparılarkən ünvansız ifadələr işlətməkdə və polisin qanuni tələblərinə tabe olmamaqda ittiham olunub.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmama) maddələri üzrə inzibati iş açılıb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Polisə tabe olmamaq iddiası hər hansı şəxsə aid edilə bilər. Lakin bu hadisədə media əvvəlcə vətəndaşın kuir kimliyini ön plana çıxarır, daha sonra davranışı məhz bu kimliklə əlaqələndirir. Bu yanaşma LGBTQ+ icmasını “problem”, “təhlükə” və ya “istisna” kimi təqdim edən stiqmatizəedici dil yaradır.
Xəbər mətnində sakinin cinsi orientasiyası və ya gender kimliyi hadisənin izahı üçün heç bir faktiki əhəmiyyət daşımadığı halda israrla vurğulanır. Halbuki səs-küy salmaq, polisə tabe olmamaq və ya xırda xuliqanlıq kimi inzibati ittihamlar hər gün onlarla heteroseksual və sisgender barəsində də irəli sürülür. Ancaq bu hallarda onların gender kimliyi və ya orientasiyası xəbərlərdə qeyd edilmir.
Eyni zamanda mediada “cinsi azlıq” kimi köhnəlmiş və stiqmatizəedici terminlərdən istifadə olunur. Bu dil insanı fərd kimi deyil, problem kimi təqdim edir, onu cəmiyyət içində hədəfə çevirir və təhlükəsizliyini risk altına qoyur. Məişət zəminində baş verən bir vəziyyətin kimlik üzərindən “ağırlaşdırılması” etik jurnalistika prinsiplərinə ziddir. Medianın vəzifəsi dövlət və ya polis dilini təkrarlamaq deyil, faktları kontekstdən çıxarmadan və zərər vermədən təqdim etməkdir.