

Macarıstan hökuməti Budapest Pride-ı məhdudlaşdırmaq istəyir. Hökumət, Budapest Pride yürüşünün əvvəlki illərdə olduğu kimi şəhər mərkəzində deyil, qapalı məkanda keçirilməsini tələb edir. Baş nazir Viktor Orbanın aparat rəhbəri Gergely Gulyás bunu “uşaqların qorunması” adı altında əsaslandırıb.
26 fevralda 24.hu xəbər saytına danışan Gulyás bildirib ki, yürüşün əvvəlki formatda keçirilməsi yolverilməzdir və yeni məqsəd guya “uşaqların müdafiəsini təmin etməkdir”. O, qapalı məkanda keçiriləcək tədbirin belə bir təhlükə yaratmadığını da əlavə edib.
22 fevralda Orban tərəfdarları qarşısında çıxış edərək təşkilatçılara bu il Pride-ı keçirmək üçün “heç cəhd belə göstərməmələrini” tövsiyə edib və tədbiri “vaxt və pul itkisi” adlandırıb.
Budapest Pride hər dəfə ənənəvi olaraq şəhərin mərkəzi prospektlərindən biri olan Andrássy küçəsində keçirilib. Lakin Orban hakimiyyəti illərində LGBTQ+ icmasına qarşı sərt məhdudiyyətlər tətbiq edilir. 2021-ci ildə “homoseksuallığın təşviqini” qadağan edən qanun qəbul edilib, eyni zamanda, konstitusiyada evlilik yalnız bir kişi və bir qadın arasında ittifaq kimi yenidən tərif edilib. Ölkədə eynicinsli nikah tanınmır, həmçinin transların hüquqi tanınması tamamilə ləğv edilib.
Budapest Pride bu il 22 iyun tarixində planlaşdırılıb.
Bəzən satirik, bəzən üsyankardır. 2021-ci ildən bəri LGBTQ-feminist gündəminin ardı ilə gedir.