

Beynəlxalq LGBTQİ Gənclər və Tələbələr Təşkilatı (IGLYO) 20 may 2025-ci il tarixində LGBTQİ İnklüziv Təhsil Xəritəsi və İndeksinin üçüncü buraxılışını təqdim edib. Bu tədqiqat Avropa regionunda LGBTQİ gənclərinin təhsil mühitində qarşılaşdıqları vəziyyəti qiymətləndirir və 49 ölkəni 10 əsas göstərici əsasında sıralayır.
49 Avropa ölkəsinin təhlil edildiyi İndeksdə Azərbaycan bütün göstəricilər üzrə sıfır xal toplayaraq ən aşağı nəticə göstərən ölkələr arasında yer alıb. Hesabatda qeyd edilib ki, 2019-cu ildə Təhsil Nazirliyi bullinqin qarşısını almaq üçün bir fəaliyyət planı qəbul etsə də, bu plan SOGIGESC (cinsi orientasiya, gender identifikasiyası və ifadəsi, cinsi xüsusiyyətlər) məsələlərini xüsusi olaraq əhatə etmir və konkret tədbirlər həyata keçirilməyib. LGBTQİ məsələləri üzrə müəllimlər üçün təlimlər təşkil olunmur.
Ümumilikdə Azərbaycanda LGBTQ şagirdlərə dair mövzulardan danışmaq birbaşa qadağan olunmasa da, məktəblərdə homofobiya və transfobiya, senzura o qədər güclüdür ki, bu mövzuda tələbə klubları yaratmaq və ya açıq danışmaq mümkünsüzdür.