
LGBTİ+ hüquqları fəalı Enes Hacıoğulları bir müddət öncə Avropa Şurasında çıxış edərək İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlunun və digər yerli idarəetmə rəsmilərinin həbslərini sərt şəkildə tənqid etdib. O, həmçinin çıxışında etiraz aksiyalarında müşahidə olunan polis zorakılığına diqqət çəkib.
“Gənclər artıq bezib… Azadlıqlarımızı geri qazanmaq üçün küçələrə çıxmağa hazırıq,” – deyə o, çıxışında bildirib.
Bu çıxışdan sonra Enes Hacıoğulları 5 avqust tarixində Türkiyəyə geri qayıdarkən Ankara Esenboğa Hava Limanında saxlanılıb. Nəticədə, barəsində “xalqı kin və düşmənçiliyə təhrik” və “yalan məlumat yaymaq” ittihamları ilə həbs qərarı çıxarılıb.
Hadisədən sonra Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Enes Hacıoğullarının dərhal azadlığa buraxılması üçün çağırış edib. Konqresin prezidenti Marc Coolsbildirib:
“Konqres artıq Türkiyədə demokratiyanın vəziyyəti ilə bağlı dərin narahatlığını ifadə edib və hakimiyyəti müxalif partiyalardan seçilmiş nümayəndələrin təqibinə və həbslərinə son qoymağa çağırır. Fikir və söz azadlığını plüralist ictimai debat çərçivəsində qanuni şəkildə ifadə etdiyinə görə gənc nümayəndəyə qarşı bu yeni hücum biabırçılıqdır və qəbuledilməzdir.”
Hacıoğullarının həbsi ictimaiyyət və insan haqları müdafiəçiləri tərəfindən ciddi narahatlıqla qarşılanıb. Onlarla siyasətçi, hüquq müdafiəçisi və fəal sosial şəbəkələrdə “Enesə azadlıq” tələbi ilə paylaşımlar edib. Xüsusilə, CHP-dən Murat Emir, Sevilay Çelenk və Gökçe Gökçen kimi siyasətçilər Enes Hacıoğullarının ifadə azadlığı çərçivəsində danışdığını vurğulayaraq onun həbsi ilə bağlı narahatlıqlarını ifadə ediblər və dərhal azadlığa buraxılmasını tələb ediblər.
Bununla yanaşı, LGBTİ+ hüquqları və insan haqları sahəsində çalışan 17 Mayıs Dərnəyi, Gənclik Təşkilatları Forumu, Kaos GL və ÜniKuir kimi təşkilatlar bir araya gələrək Ankara İnsan Hüquqları Dərnəyinin (İHD) binasında birgə bəyanatla çıxış ediblər. Onlar Hacıoğullarının həbsini ifadə azadlığına və insan haqları müdafiəçiliyinə qarşı yönəlmiş təhlükəli bir addım kimi qiymətləndiriblər və onun dərhal azadlığa buraxılmasını tələb ediblər.
Mənbələr: [1], [2], [3]