

Bakıda yaşaran Nərgiz (ad şərtidir) ailəsi tərəfindən Maştağa qəsəbəsində yerləşən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına salınaraq 3 ay burada qalmalı olub. Nərgizin bildirdiyinə görə, xəstəxanadan çıxması asanlıqla baş verməyib. Bundan 2 il öncə də ailəsi onu həmin xəstəxanaya saldırıb və 1 il boyunca orada qalmalı olub: “Bu səbəbdən xəstəxanada düşündülər ki, mənim xəstə olmadığım halda ikinci dəfə orada saxlanılmağım artıq ağ olar və məni sərbəst buraxdılar” – o deyir.
Nərgiz bildirir ki, əvvəl bir il orada saxlanıldığından bu dəfə oraya aparılmaq ona daha ağır gəlib və tezliklə oradan çıxmağı arzulayıb, ancaq əlindən heçnə gəlməyib: “3 ay xəstəxanada qaldıqdan sonra nəhayət peşəkar bir qadınhəkimin məni müayinə etməsi oradan qurtulmağıma yol açdı. Həkim məni xəstəxanadan çıxarmaq istədikdə isə bacım onu hədələdi. Daha sonra həmin həkim video çəkərək mənimlə söhbət etdi və mənim psixi xəstə olmadığımı həmin əsnada qeyd edərək xəstəxanadan çıxa biləcəyimi dedi. O, bunu ona görə etdi ki, mənim psixi xəstə olmadığıma dair əlində sübut olsun.
Yəni ki, ailəm öz imkanlarından istifadə edib məni zorla orada saxlatdırırdı. Bu yolla məni cəzalandırıb özlərinin istədikləri şəxsə çevirəcəklərini düşünürdülər. Mənim 7 yaşlı övladım da var. Bu müddətlə onu da görə bilmirdim. Hər dəfə uşağımla ayrı evdə yaşamağıma da maneələr yaradıblar. Ailəm mənim oriyentasiyamı bilsə də hər dəfə bu haqda söhbət açılanda özlərini ilk dəfə bunu eşidirmiş kimi aparırdılar.” – Nərgiz yaşadıqlarını təsvir edərkən danışır.
Azərbaycanda, əslində, psixoloji problemləri olmayan şəxslərin psixiatriya xəstəxanasına salınması ilə bağlı hallar tez-tez ictimailəşir. Ailəsi və ya imtiyaz sahibi kimlərsə tərəfindən belə xəstəxanalara salınaraq zorla saxlanıldığını bəyan edən şəxslər daha sonra bu haqda medialara danışır, üzləşdikləri haqsızlığa dair etirazlarını dilə gətirirlər.
Nərgizin yaşadığı nümunədə isə lezbiyanların cəmiyyətdə indiyədək formalaşan əxlaq standartlarına uymadığı düşünülərək ailəsi tərəfindən cəzalandırılması halı yaşanıb. Eyni zamanda, dövlət xəstəxanası da hüquqsuz bir formada bu işə ortaq olub.
Nərgiz baş verənlərdən sonra travmatik şəkildə xatırladığı və danışmağa çətinlik çəkdiyi əsas anlardan biri kimi, evə gələn ağ paltarlı kişi həkimlərin onu xəstəxanaya aparmasını qeyd edir: “Uşaq vaxtı bir kişi tərəfindən təcavüzə məruz qaldığımdan kişi həkimin evə gələrək otağıma daxil olub mənə doğru addımlaması anı xüsusilə ağır idi. Bu, mənə həmin hadisəni xatırladırdı. Mən yaşadığım hisləri sözlərlə ifadə edə bilmirəm”.
Nərgiz bir daha zorla xəstəxanaya salınmaması üçün hansı dəstəyə ehtiyacı olduğunu soruşduqda isə “LGBTQ+ icmasının məndən davamlı xəbər almalarını, xəbər ala bilmədikdə isə xəstəxanaya gedib maraqlanmalarını və mənimlə bağlı məsələni ictimailəşdirmələrini istəyərəm” cavabını verdi.