Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Yerli
  • Kuir Məkanların Qıtlığı: Azərbaycanda Lezbiyanların Tanışlıq Çətinlikləri
  • Yerli

Kuir Məkanların Qıtlığı: Azərbaycanda Lezbiyanların Tanışlıq Çətinlikləri

Qıy Vaar! Aprel 28, 2025

Bu yazıda sizinlə Avropa və Azərbaycanda partnyor axtararkən üzləşdiyim çətinlikləri və fərqlilikləri bölüşəcəyəm. 

Heteroseksuallar arasında belə bir stereotip var ki, lezbiyanlar daha rahat bir şəkildə partnyor tapa bilirlər. Cəmiyyətdə lezbiyan anlayışı kişilərin fetişi üçün seks edən qızlar olaraq başa düşülür. Beləcə, emosional bağları olmayan seks dəlisi olduğu ilə bağlı kəskin streotipə məruz qalan lezbiyanların asanlıqla partnyor tapdıqları da düşünülür. Bu inanc  icma üzvləri arasında münasibətlərin daha sıx olduğu qənaətindən də qaynaqlana bilər. Lakin ölkəmizdə və dünyada hələ də homofobiya ciddi bir problem olaraq qaldığı üçün insanlar öz bəyanlarını açıq şəkildə deməyə çəkinə bilərlər. Belə olan halda isə partnyor seçim şansımız da cis-heteroseksuallara görə xeyli azalmış olur. Azərbaycan kimi xüsusilə homofob ölkələrdə bir çox kuir icmadaşımız kimliyini gizlətməli olduğundan biz iş mühitində, sosial tədbirlərdə deyil, əsasən tanışlıq proqramlarında partnyor axtarmalı oluruq. 

Bir neçə il bundan əvvəl magistr təhsilimlə bağlı İtaliyaya köçəndə kuir icma haqqında məlumatım çox az idi. Bakıda heç bir homoseksual tanışım olmamışdı, amma bu mövzularda açıq fikirli olduğumu düşünürdüm. Lakin İtaliyada qaldığım o qısa müddətdə icma, kuir münasibətlər, LGBTQ+ haqları haqqında bir çox yeni şey öyrənmiş oldum. Bir yerdə vaxt keçirdiyim lezbiyan tanışlarım sərbəst şəkildə öz təcrübələrini bölüşür, özünü yeni kəşf etmiş lezbiyanlara məsləhətlər verir və flötləşirdilər. İstər azərbaycanlı, istər yerli lezbiyan tanışlarımın rahatlıqla partnyor tapa bildiklərini müşahidə edirdim. Özünü ifadə edə bilməkdə məhdudiyyətlər olmayan bir ölkədə kuir kimliyini sərbəst şəkildə demək bir çox məsələni daha da asanlaşdırır. Kuirlər hər yerdə mövcuddurlar, buna əlavə olaraq İtaliya kimi inkişaf etmiş ölkələrdə kuirlər hər yerdə kuir kimliklərini bəyan edə bilirlər. Təbii ki, burada İtaliyanın təhsildə, mədəniyyətin müxtəlif sahələrində, eləcə də sosial mühitlərdə gender və orientasiya mövzularının müzakirəsini qərəzsiz şəkildə aparması böyük rol oynayır. Bu isə tanışlıq məsələlərini təkcə “Tinder” kimi platformalarda qısıtlamayıb, gündəlik həyata da daşıya bilir. Məsələn, ilk lezbiyan münasibətdə olduğum şəxsin kuir kimliyini leksiya vaxtı öyrənmişdim. Buradakı qrup yoldaşlarıma dərs vaxtı lezbiyan olduğumu desəydim, nə reaksiya verəcəklərini təsəvvür belə etmək istəmirəm. Bundan başqa Avropada ünsiyyətdə olduğum lezbiyanlar nə istədiklərini də çox yaxşı bilirdilər. Münasibətin hansı ciddilikdə olması, sevgili, yoxsa bir gecəlik cinsi münasibət istədikləri, qarşı tərəfdən nələr gözlədikləri ilə bağlı konkret düşüncələri olur. Uzun müddətli sevgilisindən ayrıldığı üçün seksə ehtiyac duyan lezbiyan tanışım bunu ifadə etməkdən də çəkinmirdi. Tanıdığım başqa bir lezbiyan cütlük isə açıq və ya poly münasibətdə idilər və başqa bir lezbiyanla flörtləşmək üçün tanışlıq proqramlarına ehtiyac duymurdular. Bəzən hansısa sosial bir mühitdə söhbət açılırdı və elə həmin an da üçlü görüş üçün vaxt və məkan seçilirdi. Əlbəttə ki, belə söhbətlərin sərbəst aparıldığı bir yerdə küçədə partnyorunla əl-ələ tutmaq, öpüşmək adi qarşılanır və heç kim sizə dönüb baxmır belə. Cəmiyyət tərəfindən bizdəki kimi marjinallaşdırılmadıqlarından fikirləri də daha rahat formalaşır və kimliklərini daha sərbəst yaşaya bilirlər. Buna qarşılıq olaraq Bakıda yaşadığım bir vəziyyəti danışmaq istəyirəm. Fəvvarələr meydanının arxa küçələrindən birində bir flörtümlə bir barda əyləşmişdik. Məkan demək olar ki, boş olduğu üçün və bir az da həmin heç kimi vecimizə almadığımıza görə öpüşməkdən çəkinmirdik. Lakin ofisiant öz işi ilə məşğul olmaq əvəzinə stulunu bizə tərəf qoyub gözünün altı ilə bizi izləyirdi. Yəqin ki, lezbiyan fetişi olduğu üçün gəlib heç bir söz demədi və sadəcə baxışları ilə narahat etdi.

Ölkəmizdəki lezbiyanların münasibət qurmaqdakı tək problemi bununla yekunlaşmır .Kimliyimizi rahatlıqda hər mühitdə bəyan edə bilməməyimiz, yəqin ki, hamıya məlumdur. Bu isə, tanışlıq məkanlarını olduqca azaldır. Məsələn, oturmusan kafedə, qarşı masada kuir “vibe” verən başqa bir qız əyləşib. Arabir göz-gözə gəlirsiniz, bəlkə sənə baxıb gülümsəyir. Amma Azərbaycan kimi bir ölkədə onun da kuir olduğuna heç cür əmin ola bilmirsən. Cəsarət edib yaxınlaşsan belə, söhbəti eynicinsli münasibət qurmağa gətirmək bir az təhlükəli ola bilər. Amma yenə də söhbətiniz tutsa, yeni bir dostun olmuş olacaq. Bu hal kuir məkanlarda və tədbirlərdə baş verə bilir. Kiminləsə bir-birinizə baxırsınız, amma nə o yaxınlaşır, nə də sən. Çünki yanındakı şəxslərin dostu, yoxsa partnyoru olduğuna əmin deyilsən. Belə olan halda, Azərbaycandakı lezbiyanlar necə tanışlıq qururlar? Bir çoxları tanışlıq platformalarına üz tutur və ya kuirlərin ən çox toplaşdığı klub və barlarda partnyor axtarışına çıxır. Beləcə, ya tanışının tanışı ilə ünsiyyət qurursan, ya da sonra həmin tanış “Tinder”də qarşına çıxır və söhbət başlayır. Əsasən geylərin istifadə etdiyi “Hornet” kimi proqramlardan fərqli olaraq,

Azərbaycanda sırf lezbiyanların və biseksual/panseksual qadın və qeyri-binarların üzv olduğu tanışlıq platforması yoxdur. Bizə qalan da elə “Tinder” olur. Orada da, Avropadakından fərqli olaraq, lezbiyan icma çox azdır. Bəzən günlərlə qarşına heç bir yeni profil çıxmır. Kimləsə uyğunlaşanda da, bir çox hallarda ilk mesajı sən göndərməsən, qarşı tərəf də yazmır. Bunun səbəbi hələ də sirr kimi qalır. “Tinder”də özünə uyğun partnyor tapmaq Xəzərin dibində xəzinə tapmaq kimidir. Çox nadir hallarda bu, baş verir, amma əksər hallarda qarşı tərəflə ya maraqlarınız üst-üstə düşmür, ya da ümumiyyətlə ünsiyyət qurmaq çətin olur. Söhbətin tutan birini tapmısansa, bu yenə də hər şey alınacaq demək deyil. Təcrübələrimdə bir iki gün danışandan sonra köhnə sevgilisinə qayıdandan tutmuş, görüşdən sonra mən mesaj yazmağa vaxt tapmamışam deyə bloka atana qədər bir xeyli rəngarəng şəxslər olub. Avropadakı lezbiyanlardan fərqli olaraq, burada tanış olduğum lezbiyanlar bir çox hallarda münasibətdən nə istədiklərini dilə gətirmirlər. Sən qeyri-ciddi bir münasibət axtarırsan, qarşı tərəf isə ümumiyyətlə fikirlərindən əmin deyil. Ciddi bir münasibət axtaranda isə qarşına sevgilisindən yeni ayrılmış və dərdləşməyə adam axtaran biri çıxır. Ən maraqlısı isə, hər şey yaxşı gedərkən birdən-birə “ghost”layanlardır. Əlbəttə ki, auralar fərqli ola bilər, ilk görüşdən və ya ilk sevişmədən sonra fikirləri dəyişən insanlar ola bilər. Amma hansısa səbəbə görə lezbiyanlar arasında heç bir şey demədən birdən-birə aradan çıxma tendensiyası var. Hətta söhbətinizin çox yaxşı tutduğu biri ilə heç görüşmədən münasibətlər tamamilə soyuya bilər və sonda əlaqələr ancaq bir-birinizin “Instagram” hekayələrinə baxmaqla məhdudlaşar. Buna səbəb yenə də lezbiyanların öz aralarında kommunikasiyanı dərinləşdirə bilməmələri və ya daim qarşı tərəfin bir addım atmasını gözləmək ola bilər. Burada patriarxal sistemin qadınlara özünü ifadə etmələrinə yetərincə imkan verməməsi dayanır. Qadınlara öyrədilən odur ki, biz ağır başlı olmalıyıq və hisslərimizi heç vaxt qarşı tərəfə tam bəlli etməməliyik. Beləcə, lezbiyan münasibətlərdə özümüz təşəbbüskar olmaq əvəzinə qarşımızdakı şəxsin bizim üçün nəsə etməsini gözləyirik. Sosial media üzərindən əlaqəni saxlamaq da o son ümid işığının sönməməsi ilə əlaqədardır. 

Hər bir halda, indiki vəziyyətdə lezbiyan partnyor tapmağın ən asan üsulu tanışlıq platformaları olaraq qalır. Lakin qadın profili işlədən lezbiyan fetişli cis-het kişilərdən də ehtiyatlı olmaq lazımdır. Həmişə həyatımızın hər aspekti haqqında mütləq bir fikir bildirmə ehtiyacı duyan, hətta müdaxilə edən belə kişilər bununla yetinmirlər. Özlərini ali gender kimi görən cis-het kişilər təsəvvür edə bilmirlər ki, hansısa qadın həyatında heç vaxt heç bir kişinin olmağını istəmir. Eqosu zədələnən belə cis-het kişilər isə daha da zərər vurmağa çalışır və özlərini lezbiyan kimi təqdim edib qadınların məkanlarını da işğal etmiş olurlar. Lakin sanki əksər cis-het kişilərin canına hopmuş toksiklik, sərhəd tanımama, qısıtlama kimi xüsusiyyətlər elə bir-iki mesajdan hiss olunur. 

“National Coalition Against Domestic Violence” təşkilatınının statistikaları göstərir ki, bütün cütlüklər arasında lezbiyan cütlüklər həyatlarının hansısa bir dövründə ailə daxili şiddətə ən çox məruz qalan qruplardan biridirlər. Belə psixoloji travmaların münasibətə yansıması isə qaçınılmaz olur. Fiziki, cinsi və ya psixoloji zorakılıq görmüş lezbiyanlar özünü ifadə edə bilməkdə və ya qarşı tərəfə tam güvənməkdə çətinlik çəkə bilərlər. Bu faktor isə lezbiyan münasibətlərdə ən çox yaşanan çətinlikləri izah edir. Bu hal, xüsusilə, qarşı tərəf partnyorunun və ya flörtünün problemlərinə biganə yanaşanda və ya məlumatsız olanda daha çox baş verir. Bəzən insanların travmanı ələ saldığı Azərbaycan kimi bir mühitdə sağlam münasibət qurmaq lezbiyanlar üçün çətin olur. Əlbəttə ki, travma keçmişi heç bir mənfi davranışa bəraət deyil, lakin kommunikasiyanın düzgün qurulduğu bir münasibətdə kiçik anlaşılmazlıqlar daha rahat həll oluna bilər. Hər nə qədər qarşı tərəfin səy göstərməsini istəsək də, sağlam əsaslara dayanan münasibət üçün özümüz də müəyyən səylər göstərməliyik.

Müəllif: Turan

Paylaş

Continue Reading

Previous: “Xəzər Klinikası”nda İİV pozitiv vətəndaşın hüquqları pozulub
Next: Azərbaycanda kuir miqrant olmaq

Related Stories

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Yerli

Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı

İyun 25, 2025
Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?
  • Yerli

Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

İyun 20, 2025
Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır
  • Yerli

Fransada ilk LGBTQ+ yaşlılar evi bu payız Lionda açılır

İyun 18, 2025

Son Postlar

  • Niderlandda LGBTQ+ fəallarından Tramp və Orbana etiraz: “Birimizə hücum hamımıza hücumdur”
  • Axund ilə qaçdığı deyilən azyaşlı qız gerçəkləri danışdı
  • Avropada LGBTQİ hüquqları ilə bağlı pozitib yeniliklər
  • İngiltərədə trans qadın üzgüçü etiraz üçün soyunub
  • Azyaşlının iştirakı ilə yayılan video: “İfşa” silahı kimə xidmət edir?

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.