
Ukraynada ilk dəfə olaraq Kiyevin Desnyanskiy rayon məhkəməsi, Kiyev Qürur Ayı Komitəsinin təsisçilərindən biri olan Zoryan Kis və insan hüquqları fəalı Timur Levçukun evliliyini rəsmən tanıyıb. Gey cütlük 2013-cü ildən birlikdə yaşayırlar, 2017-ci ildə Ukraynada vətəndaş nikahı bağlayıb, 2021-ci ildə isə ABŞ-da rəsmi şəkildə evləniblər.
2024-cü ildə Zoryan Kis Ukraynanın İsraildəki səfirliyinə birinci katib təyin olunduqda, həyat yoldaşı Tymuru özü ilə birlikdə aparmaq istəyib. Lakin Ukraynanın Xarici İşlər Nazirliyi onların münasibətini tanımayıb. Səbəb isə ölkədə evlilik anlayışının yalnız qadın və kişi arasında tanınması idi.
Bu ədalətsizliyi qəbul etməyən cütlük, LGBTQ+ hüquqlarını müdafiə edən “Insight NGO” təşkilatının dəstəyi ilə məhkəməyə müraciət edib.
Məhkəməyə təqdim olunan sübutlar arasında ortaq bank hesabları, daşınmaz əmlak sənədləri, səyahət tarixçələri, şəxsi məktublar, fotolar və şahid ifadələri olub. Məhkəmə qərarını Ukrayna Konstitusiyasının 21-ci maddəsinə (İnsan və vətəndaşın hüquq və azadlıqları) və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə (Şəxsi və ailə həyatına hörmət hüququ) əsaslandıraraq, onların faktiki nikahda olduqlarını qəbul edib.
2024-cü ildə keçirilmiş Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun sorğusuna əsasən, ukraynalıların 70 faizdən çoxu LGBTQ+ şəxslərin bərabər hüquqlara malik olması gərəkdiyini düşünür.