

Həbsdə olan jurnalist Aytac Tapdıq məhkəmə zalında feminist dirəniş nümayiş etdirib.
Meydan TV-nin hazırda həbsdə olan 10 jurnalistindən biri, həm də feminist fəal olan Aytac Tapdığın ev dustaqlığına buraxılması üçün verilmiş vəsatətə Xətai Rayon Məhkəməsində baxılıb. O, məhkəmə zalına əlində “Feminizm hər kəs üçündür” kitabı ilə gələrək öz feminist dirənişini sərgiləyib.
Aytac Tapdıq və digər Meydan TV əməkdaşları ötən ilin 6 dekabrında həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə mühakimə olunurlar.
Aytac Tapdıq ona qarşı irəli sürülmüş bu ittihamın tamamən saxta olduğunu və sırf müstəqil jurnalist fəaliyyətinə görə cəzalandırıldığını bildirib. Həmçinin, bəyan edib ki, öz fəaliyyətinə görə peşman deyil, əksinə, özündən əvvəl peşə fəaliyyətinə görə həbs edilmiş jurnalist dostlarının, məsələn, Sevinc Vaqifqızının yanına getdiyinə görə sevinir.
Bakıda keçirilən 8 mart yürüşlərinin bəyanat mətnlərini meydanlarda səsləndirən Aytac, 1 ay öncə Fem-utopia feminist platformasına isə bu mesajı göndərmişdi:
“Kürdəxanı o qədər də dəhşətli yer deyil. Feminist kimi burada müdafiə hüququ pozulan qadınlarla tanış olub onların hekayələrini dinləmək mənə fərqli bir perspektiv qazandırdı. Bura maraqlı bir təcrübə kimi baxıram.
Meydanda da yan-yana, zindanda da yan-yana!”.