
Avropa Yayım Birliyi (EBU) İsrailin 2026-cı il Eurovision Mahnı Yarışmasında iştirakına icazə verib. Bununla bağlı qərar rəsmi şəkildə qəbul olunub. Lakin bəzi ölkələr bu qərara etiraz olaraq yarışmanı boykot edəcəyini açıqlayıb.
Boykot qərarının arxasında İsrailin Fələstin ərazilərində, xüsusilə Qəzzada apardığı hərbi əməliyyatlar dayanır. Son aylarda Qəzzada döyüşlər və hücumlar nəticəsində çoxlu mülki əhali, o cümlədən uşaqlar həyatını itirib və beynəlxalq ictimaiyyət geniş etiraz edib. Bu səbəbdən bəzi ölkələr İsrailin beynəlxalq mədəni tədbirdə iştirakına etirazlarını göstərmək üçün Eurovision yarışmasından çıxır. Məlumata görə, Sloveniya, İrlandiya, İspaniya və Hollandiya yarışmada iştirak etməyəcəklər.
Xatırladaq ki, son iki ildə İsrailə qarşı yarışmada etiraz aksiyaları keçirilib. 2025-ci ilin may ayında İsviçrənin Basel şəhərində keçirilən finalda iki fəal səhnəyə çıxaraq İsrailli ifaçı Yuval Raphael-ə boya atmaq istəsələr də, saxlanılıblar.
EBU bildirib ki, yarışmanın qaydalarını pozmadan və iştirakçıların təhlükəsizliyini təmin edərək yarışmanın nüfuzunu qorumaq əsas məqsəddir. Bundan əlavə, İsrailin 2025-ci ildə hökumət dəstəyi ilə apardığı geniş kampaniya səbəbindən EBU, izləyicilərin verə biləcəyi səs sayını 20-dən 10-a endirib.
