

Azərbaycanda çalışan iranlı seks işçiləri deport edilib və 10-dan çox insanın ölkəyə girişinə qadağa qoyulub.
Azərbaycanda təhsil alan İran vətəndaşı tələbələrin seks işçiliyi etdiyi üçün Azərbcaycandan deport edilməsi ilə bağlı medialarda məlumatlar yayılıb. Azərbaycanca fəaliyyət göstərən teleqram xəbər kanallarından biri həmin seks işçiləri haqqında açıq məlumatlar yayıb. Məlumatda qeyd olunur ki, tələbələr İran Xüsusi Xidmət Orqanları tərəfindən əməkdaşlığa cəlb ediliblər. Onların ayrı-ayrı Azərbaycan vətəndaşlarını ələ almaq üçün təlimatlandırıldıqları və iş apardıqları deyilib.
Məlumata görə, həmin qadınlardan 11 nəfərinin Azərbaycana girişinə qadağa qoyulub, 5 nəfər isə deport edilib. Teleqram kanalında həmin qadınların üzləri açıq şəkildə paylaşılıb və hədəf ediliblər. Həmin informasiyalar APA TV kimi tanınmış medialarda da dərc edilib. Medialar həmin şəxslərin seks işçiliyi etməsinə əsas olaraq gecə klubları və otellərdə çəkilmiş açıq-fotoşəkillərini, videolarını şəxsi sosial şəbəkə hesablarında paylaşmalarını göstəriblər. İran tərəfi isə yayılmış məlumatlardan sonra həmin qadınlardan bir neçəsinin nişanlı olduğunu və yayılmış məlumatların onları pis vəziyyətə saldığını iddia edib.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin İctimai Mənəviyyat Əlehinə Cinayətlərinin 243-cü maddəsinə əsasən Azərbaycanda fahişəliyə cəlb etmə və 244-cü maddəsinə əsasən əxlaqsızlıq yuvaları salma cinayət məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsinə görə isə Fahişəliklə məşğul olmağa görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan cəmiyyətində də seks işçiliyi əlehinə yüksələn səsləri görmək mümkündür. Məsələn, Bakının Badamdar qəsəbəsində 2011-ci ildə 300-dən çox sakin buna qarşı etiraz aksiyası keçirmişdi.
Azərbaycandan İrana göndərilən qadınların nə yaşayacağı haqqında isə məlumat tapmaq mümkün olmayıb.
Hazırda avropada yaşayan və Qıy Vaar! üçün danışan keçmiş seks işçisi A.M. deyir ki, Azərbaycanda seks işçisisənsə, hər an təqiblə üzləşə bilərsən. Hətta xaricisənsə, həyat sənin üçün daha da qəliz olur: “Məhz iranlı seks işçiləri ilə bağlı olan iddialara nəsə demək çətindir, çünki hansısa maraqlara xidmət etdikləri iddia olunur. Bu belədir, rəsmi işin yoxdur və səni hər an oyuncağa çevirə bilərlər. Bəlkə də həqiqətən İran höküməti siyasi maraqları üçün qadınların bədənindən istifadə etmiş ola bilər, bu İranın timsalında yad hal deyil. Dəyişilməz bir şey var ki, bu qadınların təhlükəsizlikləri isə sual altında qalır. Bu işdə həyat sığortan yoxdur, bax elə bu hadisədəki kimi sənin canından istifadə edib, daha sonra kənara ata bilərlər.” – o deyir.
Açıq Cəmiyyət Vəqfləri təşkilatı seks işçiliyinin kriminallaşdırılmasının seks işçilərinin sağlamlığını və təhlükəsizliyini yerin altında apararaq, təhlükə yaratdığını deyir. Kriminalizasiyaya seksual xidmətlərin alqı-satqısı və alqı-satqısının cinayət hesab edilməsindən tutmuş, seks işinin idarə edilməsinə dair bütün qadağalara qədər hər şey daxildir. Cinayətkarlıq seks işçilərinin müştərilərlə şərtləri müzakirə etməsini, təhlükəsizlik üçün digər seks işçiləri ilə birlikdə işləməsini və fahişəliyə sübut kimi istifadə olunacağından qorxmadan prezervativləri daşımasını çətinləşdirir.
Bir çox şəraitdə seks işçiləri müştərilər, menecerlər və polislər də daxil olmaqla, işləri ilə əlaqədar ifrat səviyyələrdə zorakılıq və təqiblər barədə məlumat verirlər. Kriminalizasiya seks işçilərinin hüquq pozuntuları, xüsusən də polis tərəfindən bildirilməsini çətinləşdirir, çünki onlar həbsə, növbəti sui-istifadəyə və cəzaya məruz qalırlar. Bu, seks işçilərinin sağlamlığını və təhlükəsizliyini daha da təhlükə altına alan stiqmanı, zorakılığı və cəzasızlığı davam etdirir.
Bəzən satirik, bəzən üsyankardır. 2021-ci ildən bəri LGBTQ-feminist gündəminin ardı ilə gedir.