

ILGA-Europe təşkilatının 2025-ci il üçün hazırladığı illik hesabatına əsasən, Azərbaycan LGBTQ+ hüquqları sahəsində Avropada ən aşağı göstəriciyə malik ölkələr arasında qalır. Ölkə, 49 Avropa ölkəsi arasında cəmi 2% göstərici ilə 48-ci yeri tutur. Bu, Azərbaycanda LGBTQ+ icmasının hüquqlarının qorunması və təminatı sahəsində ciddi çatışmazlıqların olduğunu göstərir.
Azərbaycanda eyni cinsli əlaqə 2000-ci ildən bəri qanunidir. Lakin, bu sahədə hüquqi və sosial müdafiə mexanizmləri demək olar ki, mövcud deyil. İLGA’nın reportunda əsasən aşağıdakı sahələrdə ciddi problemlər müşahidə olunur:
Ölkədə LGBTQ+ hüquqlarını qoruyan xüsusi qanunlar yoxdur. Nə “nifrət cinayətləri”nə, nə də “nifrət nitqi”nə qarşı qoruyucu mexanizmlər mövcuddur. Eyni zamanda, cinsi yönəlim və ya gender kimliyi əsaslı ayrı-seçkiliyi qadağan edən qanunvericilik yoxdur. Transların hüquqi gender tanınması prosesi isə qeyri-müəyyən və demək olar ki, mümkünsüzdür.
ILGA-Europe bildirir ki, Azərbaycanda LGBTQ+ hüquqi müdafiəsindən əlavə, onların gündəlik həyatdakı təhlükəsizliyi və sosial inteqrasiyası da böyük təhlükə altındadır. Polis zorakılığı, ictimai damğalama və mediada ayrı-seçkilik halları geniş yayılmışdır.
Regiondakı Digər Ölkələrin Vəziyyəti
Azərbaycanın qonşu ölkələrində də LGBTQ+ hüquqları sahəsində ciddi problemlər mövcuddur. Azərbaycanın qonşularından Ermənistan 46-cı, Türkiyə 47-ci, Gürcüstan isə 44-cü yerdə qərarlaşıb. İLGA-nın reportuna əsasən, Ermənistan 49 ölkə arasında 46-cı yerdədir. Ölkədə LGBTQ+ qarşı ayrı-seçkilik və zorakılıq halları geniş yayılıb. 2024-cü ildə bir neçə məhkəmə qərarı LGBTQ+ hüquqlarının tanınması istiqamətində müsbət addım olsa da, ümumi vəziyyət hələ də narahatedicidir. Gürcüstan bu il ən kəskin geriləyən ölkələrdən biri olub – 7 pillə enərək tarixi minimum olan 12% nəticə ilə 44-cü yerə düşüb. Ölkədə qəbul olunan yeni qanunlar hüquqi gender tanınmasını və trans üçün tibbi xidmətləri qadağan edib, həmçinin eyni cinsli cütlüklərin uşaqları övladlığa götürməsinə icazə verilmir. Parlament həmçinin bütün qanunvericilikdən “gender”, “gender kimliyi” və “gender ifadəsi” anlayışlarını çıxarıb.
Enişdə olan Digər Ölkələr: Macarıstan və Birləşmiş Krallıq
Macarıstan da 7 pillə geriləyərək 23 xalla 37-ci yerə düşüb. Bu, ölkənin “Rainbow Map” tarixindəki ən aşağı göstəricisidir. Pride tədbirləri qadağan olunub, gender kimliyinə əsaslanan bərabərlik müdafiəsi ləğv edilib və LGBTQ+ təşkilatçıları kriminal elan olunub.
Birləşmiş Krallıq da tarixində ilk dəfə 22-ci yerə düşüb. 2015-ci ildə 1-ci yerdə olan ölkə bu gün artıq gender tanınması məsələlərində ciddi geriləmə ilə üzləşib. Ali Məhkəmənin qərarına əsasən, “kişi” və “qadın” anlayışları yalnız bioloji cinsə əsasən müəyyən edilir, bu isə Gender Tanıma Sertifikatı (GRC) olanların belə cəmiyyət qarşısında öz seçilmiş genderində tanınmamasına səbəb olur.