İİV/QİÇS mövzulu ən sevilən 4 film

İİV/QİÇS mövzulu ən sevilən 4 film

QİÇS böhranı kuir tarixinin ən ağrılı, amma eyni zamanda ən güclü dövrlərindən biridir. İtirdiklərimiz, sağ qalanların mübarizəsi və aktivizmin yaratdığı dəyişikliklər bu gün də bizə yol göstərir. Bu dörd film həmin dövrün yalnız kədərini deyil, həm də dirənişini ekranda canlandırır. Budur, “Qıy Vaar!”-ın sizlər üçün seçdiyi məşhur İİV/QİÇS mövzulu dörd film.

1. Philadelphia (1993)

Film İİV-pozitiv və gey hüquqşünas Andrew Beckettin (Tom Hanks) hüquqi mübarizəsini göstərir. O, İİV statusu üzə çıxandan sonra işdən çıxarılır və diskriminasiya səbəbilə şirkəti məhkəməyə verir. Müdafiəsini isə əvvəllər homofob olan, lakin sonradan fikri dəyişən bir vəkil (Denzel Washington) üzərinə götürür. Bu film Hollywood-da QİÇS (AIDS) mövzusunu ilk dəfə bu qədər açıq və empatik göstərən filmdir və cəmiyyətin 90-cı illərdəki qorxularını və yanlış təsəvvürlərini real göstərir. Film gey kişilərin həm iş yerində, həm tibbi sistemdə, həm də cəmiyyətdə yaşadığı diskriminasiyanı çox aydın göstərir. Məqsəd yalnız xəstəlik yox, homofobiyanın hüquqi nəticələrini də göstərməkdir. Baş rol ifaçısı Tom Hanks bu roluna görə Oskar alıb.

2. Dallas Buyers Club (2013)

Film real hadisəyə əsaslanır. 1980–90-cı illərdə ABŞ-də ART dərmanlarına çıxış çox çətin idi. Buna görə film İİV-in ilk illərində dərman çatışmazlığını, səhiyyə sisteminin bürokratiyasını və insanların çaresizliyini aydın göstərir. Heteroseksual kovboy Ron Woodroof İİV-pozitiv diaqnozu alır və yaşamaq üçün qanunsuz yollarla dərman gətirməyə başlayır. Sonra bunu sistemli “buyers club”-a çevirir. Rayon adlı trans qadın personaj (Jared Leto) isə filmin emosional mərkəzidir. Ron əvvəlcə homofob olsa da, zamanla Rayonla dostluq qurur. Filmdə həm trans qadınlara, həm də gey kişilərə qarşı dövrün ağır transfobiyası və homofobiyası göstərilir. Matthew McConaughey və Jared Leto bu filmlə Oskar qazanıb.

3. 120 BPM (Beats Per Minute) (2017)

Bu filmdə məzmun 90-cı illərdə Parisdə fəaliyyət göstərən ACT UP təşkilatının aktivistlərini izləyir. Onlar hökumətin və dərman şirkətlərinin fəaliyyətsizliyinə qarşı radikal aksiyalar keçirirlər. LGBTQ+ icmasının QİÇS dövründə dövlətlə mübarizəsi filmin əsas mövzusudur. Film həm aktivizmi, həm də aktivistlərin şəxsi həyatını göstərir. Personajların çoxu gey kişilərdir və onların sevgiləri, münasibətləri, sevdiklərini itirmələri real şəkildə göstərilir. Film emosional, siyasi və sənədli üsluba yaxın çəkilərək insan haqları və səhiyyə aktivizmi tarixində ACT UP-ın rolunu çox real göstərən nadir ekran işidir. Onu da qeyd edək ki, ekran əsəri Cannes-də “Grand Prix” qazanıb.

4. The Normal Heart (2014)

Larry Kramer-in eyni adlı məşhur pyesinə əsaslanan filmdə hadisələr 1980-ci illərin New Yorkunda QİÇS epidemiyasının ilk illərini göstərir və LGBTQ+ icmasının yox sayılmasını tənqid edir. Baş personajların hamısı gey kişilərdir. Gey aktivist Ned Weeks hökumətin laqeydliyinə qarşı mübarizə aparır, amma icma içində də parçalanmalar yaşayır. Film epidemiyanın ilk illərində hökumətin biganəliyini və xəstəliyin “gey xəstəliyi” kimi damğalanmasını çox açıq göstərir. “Niyə heç kim bizə kömək etmir?” sualını kino tarixində ilk dəfə bu qədər açıq qaldıran işdir.

Paylaş