Hindistan məhkəməsindən tarixi qərar: Trans qadınlar da qadındır

Hindistan məhkəməsindən tarixi qərar: Trans qadınlar da qadındır

Hindistanın Andhra Pradeş ştatının Ali Məhkəməsi mühüm hüquqi qərara imza atıb. Qərara əsasən trans qadınlar qanun qarşısında sisgender qadınlarla eyni statusa malikdir və eyni hüquqi müdafiə ilə təmin olunmalıdır. 2025-ci il 16 iyun tarixli bu qərar Hindistanda trans şəxslərin hüquqları uğrunda mübarizədə mühüm mərhələ hesab olunur.

Belə ki, ailəsi tərəfindən zorakılığa məruz qalan trans qadın Pokala Şabana məhkəməyə müraciət edib. Onun sözlərinə görə o, davamlı olaraq həyat yoldaşı və onun ailə üzvləri tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalıb. Onun şikayəti əsasında Hindistan Cinayət Məcəlləsinin qadınları ailədaxili zorakılıqdan qoruyan 498A maddəsi ilə cinayət işi açılıb.

Lakin ittiham tərəfi 2022-ci ildə yenidən məhkəməyə müraciət edib. Onlar trans qadının bu maddənin nəzərdə tutduğu “qadın” anlayışına daxil olmadığını iddia edərək işin ləğvini tələb ediblər. Onlar “qadın” anlayışının yalnız bioloji cinsiyyətə əsaslandığını və trans qadına aid edilməməli olduğunu tələb ediblər.

Məhkəmə isə onların bu iddiasını qətiyyətlə rədd edib. 

Məhkəmə Hindistan Ali Məhkəməsinin 2014-cü ildə trans şəxslərin gender kimliyinin hüquqi tanınması ilə bağlı verdiyi qərara istinad edərək bildirilib ki, trans qadının qadın statusu inkar edilə bilməz. Əks təqdirdə bu ayrı-seçkilik hesab olunur. 

Qeyd edək ki, bu qərara əsasən transgender şəxslər rəsmi olaraq ayrıca gender kateqoriyası kimi tanınır və onlar bütün sosial təminat proqramlarından yararlanmaq hüququna malikdirlər. 

Məhkəmə sübut çatışmazlığı səbəbilə konkret cinayət işini ləğv etsə də, trans qadınların ailə və nikah münasibətlərində hüquqi müdafiədən istifadə hüququnu təsdiqləyib.

Məhkəmə qadın anlayışının yalnız bioloji və ya reproduktiv funksiyalarla məhdudlaşdırılmasını “hüquqi baxımdan əsassız” adlandırıb. Bu yanaşmanın Konstitusiyanın bərabərlik, ləyaqət və şəxsiyyətin tanınması prinsiplərinə zidd olduğunu vurğulayıb.

“Qadın olmaq yalnız dünyaya uşaq gətirmək demək deyil. Gender kimliyi insanın özünü müəyyən etməsinə əsaslanır”, – deyə qərarda qeyd olunub.

Qərar trans icma və insan hüquqları müdafiəçiləri tərəfindən müsbət qarşılanıb. Onlar hesab edir ki, bu qərar gender kimliyinin hüquqi və sosial reallıq kimi tanındığını bir daha sübut edir.

Bununla belə, Hindistanda hələ də bir sıra məhdudiyyətlər qüvvədə qalır. Eyni cinsli nikahlar hələ də qadağandır, ayrı-seçkiliyə qarşı qanunvericilik tam formalaşmayıb. 

Paylaş