Həbsdə olan jurnalist Ülviyyə Əlinin ad günündə anası ilə görüşünə icazə verilmədi

Həbsdə olan jurnalist Ülviyyə Əlinin ad günündə anası ilə görüşünə icazə verilmədi
Sosial Media

Həbsdə olan jurnalist Ülviyyə Əlinin ad günündə anası ilə görüşünə icazə verilmədi

Bu gün “Meydan TV işi” üzrə həbsdə saxlanılan jurnalist Ülviyyə Əli ad gününü Bakı İstintaq Təcridxanasında keçirib. Lakin təcridxana rəhbərliyi ona ailəsi ilə görüşməyə icazə verməyib.

Bu barədə Meydan TV-yə jurnalistin anası İlhamə Mehmanlı məlumat verib. Onun sözlərinə görə, qızının ad günü münasibətilə təcridxanaya getsə də, görüşə buraxılmayıb. Məlumata görə, təcridxana rəisi Elnur İsmayılov əvvəlcə görüşə razılıq versə də, daha sonra 11 oktyabrda müəssisədə “yoxlama aparılacağı” bəhanəsi ilə görüş icazəsini ləğv edib. Bu səbəbdən jurnalist bu həftə ailəsinin göndərdiyi sovqatdan məhrum qalıb. Ailəsinin onun ad günü üçün hazırladığı yeməklər və tort təcridxanaya buraxılmayıb.

“Səhər Ülviyyənin ad gününə görə böyük tort alıb, Kürdəxanıya aparmışdım. Təcridxananın rəisi Elnur İsmayılov mənimlə görüşmədi, müavini Əhəd Abıyev dedi ki, görüşə icazə yoxdur. Etiraz etdim, dedim ki, Elnur İsmayılov söz vermişdi, amma cavab verən olmadı.”

İddialara görə, bu qərar Ülviyyə Əlinin bir müddət əvvəl Ombudsman Aparatının nümayəndə heyətinin siyasi məhbuslarla görüşməməsinə etiraz etməsinə cavab olaraq cəza məqsədilə qəbul edilib.

İlhamə Mehmanlı bildirib ki, görüşə buraxılmasa da, qızı ilə telefonla danışa bilib:

“Ülviyyə zəng etdi, dedi ki, yaxşıyam, narahat olma – onlara gülərək qalib gələcəyik.”

Jurnalist Ülviyyə Əli mayın 7-də Meydan TV ilə əlaqəli açılmış cinayət işi üzrə həbs olunub. Ülviyyə Əli 2025-ci ilin fevralında “Amerikanın Səsi”nin Azərbaycandakı akkreditasiyasının ləğvindən sonra müstəqil şəkildə jurnalist fəaliyyətini davam etdirirdi. O, öz reportajlarını şəxsi sosial media hesabından paylaşır, insan haqları və ictimai məsələlər haqqında materiallar hazırlayırdı.

Hüquq müdafiəçilərinin məlumatına görə, Ülviyyə Əli saxlanıldıqdan sonra fiziki zorakılığa məruz qalmışdı. Feminist Gülnara Mehdiyeva bildirib ki, polis əməkdaşları onu döyüb, başına zərbələr endiriblər və qadın polis əməkdaşları saçından dartıblar.“Onu bir kişi polis əməkdaşı ‘mən sənin qadınlığını məhv edəcəm’ sözləri ilə təhdid edib. Bu, açıq cinsi zorakılıq təhdididir”, – deyə Mehdiyeva qeyd edib.

Ülviyyə Əli pis rəftara görə Baş Prokurorluğa şikayət ünvanlasa da, onun müraciətinə cavab verilməyib.

“Azərbaycanda 2023-cü ildən başlayan və beynəlxalq təşkilatların da repressiya kimi dəyərləndirdikləri proseslər zamanı həbs edilmiş bütün jurnalistlərin bioqrafiyasında eyni ifadələrə rast gəlmək olur: polis zorakılığı, saxlanılma, dindirmə, materialların silinməsi tələbi, izlənmə və s. Bu, azərbaycanlı müstəqil jurnalistlərin bilgi qaçaqmalçılığı naminə üzləşdikləri məhdudiyyətlərin bir hissəsidir. Amma Ülviyyə Əlinin həbs olunmazdan əvvəl ictimaiyyətə ünvanladığı müraciətində dediyi kimi: “Azərbaycanı sükuta qərq etmək istəyən siyasi iradənin qarşısında bizim səsimiz hər zaman onların qulağındakı səssizliyi pozacaq. Bu, mənim azadlıqda yazdığım son yazı ola bilər. Amma inanıram ki, haqlı səs heç vaxt sükuta qərq ola bilməz”. -Ülviyyə Əli

Paylaş