Haqqımızda

Bəzən satirik, bəzən üsyankar.

2021-ci ildən bəri LGBTQ+ və feminist gündəmini izləyərək, bu mövzular ətrafında ictimai müzakirələri genişləndirmək və susdurulan səsləri ön plana çıxarmaq üçün fəaliyyət göstəririk. Cəmiyyətin LGBTQ+lərə tanıdığı məhdud rollardan çıxaraq, LGBTQ+ hekayələrimizi danışmaq üçün qurduğumuz bu məkan “sənə danışmaq üçün platforma vermək istəyirik” ideyası ilə alternativ media yaradır. Kimliklərimizin rəqəmsal məkanlarda da görməzdən gəlinməsinə, səslərimizin boğulmasına qarşı Qıy Vaar! bir fərq olmaq istəyir. Nifrət nitqinin və senzuranın gücləndiyini müşahidə edirik, bu səbəbdən, LGBTQ+lərin öz mikrofonlarını tuta biləcəkləri, cəmiyyətə öz sözlərini çatdıra biləcəkləri məzmunları toplayırıq.

İlk fəaliyyətimiz podkast verlişi formatında başlayıb. “Qıy Vaar!” adlı podkastımız cəmiyyətin marjinallaşdırdığı mövzuları gündəmə gətirir, LGBTQ+ icmasının üzləşdiyi problemləri işıqlandırır və alternativ media məzmunları təqdim edir. Zaman keçdikcə bu fəaliyyətlər genişlənərək yalnız podkastla məhdudlaşmadı – indiki kimi sosial media kanallarımız vasitəsilə vizual və yazılı kontentlər istehsalına çevrildi. Biz yalnız məlumat ötürmək deyil, həm də yeni perspektivlər təqdim etmək, diskussiyalar yaratmaq və icmamız üçün təhlükəsiz bir informasiya məkanı qururuq.

Adımızı haradan götürmüşük?

Fərqli dövrlərdə və coğrafiyalarda marginallaşdırılan icmalar, öz təhlükəsizliklərini qorumaq və bir-birilərini tanımaq üçün xüsusi jarqonlar, dolayı yollar, gizli dillər yaradıblar. Biz də adımızı məhz Azərbaycandakı LGBTQ+ və seks işçisi icmasının yaratdığı bu xüsusi dildən götürmüşük. “Qıy Vaar” ifadəsi, daha çox müsbət yüklü mənada olub, “söhbət var” və ya “hazırda baş verən bir hadisə var” mənasında işlədilə bilər. Bu ad, bizim icma üçün həm xəbərdarlıq, həm də birləşdirici simvol rolunu oynayır.

Əsas missiyalarımız:

Görünürlük və Təmsilçilik – LGBTQ+ icmasının mediada daha geniş şəkildə təmsil olunmasını təmin edərək müxtəlif səslərin və həyat hekayələrinin tanınmasına və eşidilməsinə şərait yaratmaq.

Təhsil və Maarifləndirmə – LGBTQ+ tarixi, qarşılaşdığı çətinliklər və əldə etdiyi nailiyyətlər barədə məlumat verərək cəmiyyətin anlayışını və qəbulunu artırmaq.

İcma Quruculuğu – LGBTQ+lər və müttəfiqləri üçün onlayn məkan yaradaraq onların bir-biri ilə əlaqə qurmasını, dəstək almasını və birlikdə güclənməsini təmin etmək.

Vizyonumuz:

Azad media vasitəsilə LGBTQ+ icmasının səsini gücləndirmək və ləyaqətli yaşamaq.

Dəyərlərimiz:

Our Values
Bərabərlik və İnklüzivlik
Platformamızda hər bir fərdin səsi eşidilməli və təmsil olunmalıdır. Cəmiyyətin və sosial normaların hər kəs üçün eyni olmadığını qəbul edirik və bu səbəbdən platformada gender bərabərliyini pozan hallar, etnik kimliyə görə ayrı-seçkilik, irqçilik və hər hansı diskriminasiyaya imkan vermirik. Zorakı və nifrət dolu dildən qaçınırıq, platformamızda zorakılığa çağırışa yer vermirik. Yazarlarımızın və kollektivimizin, respondent və oxucularımızın öz kimliklərini ifadə etmə azadlığını tanıyır, onları yalnız bəyanlarına əsasən qəbul edirik. Hamının gender və özünüifadəsi bizim üçün dəyərlidir.
İnterseksionallıq
Müxtəlif kimliklərin bir araya gəlməsi ilə ortaya çıxan unikal təcrübələri anlamağa çalışırıq. Müxtəlif haqlar uğrunda mübarizə aparan təşəbbüslərlə əməkdaşlıq etməyə açığıq.
Qərəzsizlik
Məzmun yaradıcılarımız və jurnalistlər yalnız faktlara əsaslanan və doğruluğuna əmin olduqları mövzuları işləməlidir. İctimaiyyəti yanıltmaqdan qaçınmalı, məlumatlar dəqiq və konkret olmalıdır. Yayımlanacaq materiallarda şəxsi maraqlar və ya subyektiv yanaşmalar yer almamalıdır. İctimaiyyətin həqiqəti öyrənmək hüququna tam hörmət göstərilməli, hər hansı yanlış və ya təhrif edilmiş məlumatlar yayılmamalıdır.
Hüquq Əsaslı Yanaşma
LGBTQ+ icmasının güclənməsi və haqlarının geniş qəbul edilməsi üçün çalışırıq. LGBTQ+ icmasının haqlarını qorumaq dövlətin və beynəlxalq qurumların məsuliyyətidir və biz onlara öhdəliklərini xatırladaraq siyasətlərinin dəyişməsinə töhfə veririk.
Balanslılıq
Ziddiyyətli xəbərlər və ya mövzular ortaya çıxdıqda, həmin məsələyə dair söz haqqı olan tərəflərin fikri mütləq alınmalıdır. Hər bir tərəfin fikri, Qıy Vaar! platformasının dəyərlərinə və prinsiplərinə zidd olsa belə, yayılmağa dəyərsə, silinməməlidir. Bu, müxtəlif fikirlərin və müzakirələrin azad şəkildə paylaşılmasına imkan tanıyır.
Təşəbbüskarlıq
Cəmiyyət üçün təşəbbüslər irəli sürməyə, digər təşkilatlarla əməkdaşlıq və ittifaqlar quraraq birgə fəaliyyət göstərməyə hazırıq. Eyni zamanda, təşəbbüskarlıq həvəsi olan individualları aktiv olmağa təşviq edirik.
Dəqiqlik
Platformada yayımlanan məzmunlar tamamilə dəqiq olmalıdır. Hər hansı bir səhv və ya yanlış məlumat aşkar edildikdə, dərhal düzəliş edilməli və izləyicilərə bununla bağlı şəffaf məlumat verilməlidir. Paylaşılan məlumatlar həmişə faktlara əsaslanmalı və hüquqi məsuliyyət daşıyan məqamlar nəzərə alınaraq təqdim edilməlidir – hətta məhkəmə qarşısında belə.
Açıq Ünsiyyət və Tənqid
Problemlərlə qarşılaşdığımızda onları dərhal və açıq şəkildə müzakirə etməyə hazırıq. Konstruktiv tənqidləri dinləmək və inkişaf etməkdən çəkinmirik.
Komanda Quruculuğu və İcmanın Rolu
Qıy Vaar!-ın əsas komandası LGBTQ+ icması və qadınlardan ibarətdir. Bu, platformanın fəaliyyətində və qərarlarında əsas rol oynayan qrupdur.
Daxili Demokratiya və Şəffaflıq
Qərarlarımızı aidiyyəti şəxslərlə müzakirə edərək qəbul edir, hər kəsin iştirakını təmin edəcək üsullar inkişaf etdiririk. Biz komanda daxili şəffaflıq və kollektiv qərarvermə ilə fəaliyyət göstərməyin vacibliyinə inanırıq. Fikirlərimizin şəxsləri hədəfə almadan, konstruktiv şəkildə müdafiə etməyin doğru olduğunu düşünürük.
Yenilikçilik və Yaradıcılıq
Davamlı inkişaf və yeni ideyalara açıq olmağı önəmli hesab edirik. Rəqəmsallaşan dünyamızda sürətə çatmaq üçün yeni yollar sınamağa açığıq.
Ekologiya
Eko-sistemimizə qarşı məsuliyyətli hiss edirik. Dərc etdiyimiz materiallarda təbiətə qarşı kürüməni təbliğ etmirik, veqan və vegeterian səsləri dəstəkləyir, heyvanlara qarşı olan zorakılıq çağırışlarını və vizuallarını tirajlamırıq.

Paylaş