

Artıq 17 gündür həbsdə olan trans fəal Rauf Heydərova dostları tərəfindən qida, gigiyenik vasitələr, paltar, dərmanlar kimi zəruri vasitələrin çatdırılmasına maneələr yaradılır.
Bu müddət ərzində dostları 4 dəfə İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinə gedərək ona ehtiyacı olan ləvazimatları çatdırmaq istəyiblər. Bunlardan ilkində bu cəhd uğursuz olub və dostları gətirdikləri əşyları ona çatdıra bilmədən saxlanılma mərkəzini tərk etməli olublar.
Növbəti üç gedişdə isə yenə əşyaların Raufa çatdırılmasına icazə verilməyib və dostları saatlarla orada gözləməli olublar. Həm onun vəkilləri, həm də dostları Ombudsman Aparatının qaynar xətti ilə əlaqə saxladıqdan və Ombudsman Aparatı tərəfindən saxlanılma mərkəzinə müraciət edildikdən sonra əşyaların qəbul edilməsi mümkün olub.
Rauf Heydərov 8 mart günü həbsdə olan 8 qadın jurnalistin azadlığını tələb edən plakatla Cəfər Cabbarlı heykəlinin önündə foto çəkdirərək paylaşdıqdan sonra 10 mart tarixində saxlanılıb. O, yoldan oğurlanaraq saxlanıldığı üçün harada olması haqqında məlumatı ancaq martın 11-də əldə etmək mümkün olub. O vaxta qədər artıq onun məhkəməsi gizli formada keçirilmiş və haqqında çıxarılan 30 sutka həbs qərarı ilə saxlanılma mərkəzinə aparılmışdı. Elə həmin gün dostları saxlanılma mərkəzinə getsələr də əşyaları ona çatdıra bilməmişdilər.
Feminist fəal Sənubər Heydərova deyir ki, bu onlara yaradılan süni maneədir: “Bu problem düşünülmüş formada yaradılır. Rauf trans fəaldır. Azərbaycan reallığında çox yaxşı bilinir ki, ailələri kuir fərdlərdən imtina edirlər. Ailəsi olmadığından Raufa lazımi əşyaları dostları olaraq biz aparırıq. Onun tək yaxınlarının bizlər olduğunu və başqa heç kimi olmadığını bilirlər. Raufun özünün də əşyaları bizdən qəbul etməyə razılığının olduğu yetəri qədər aydındır. İlk dəfə Ombudsman Aparatından onlara müraicət edilərək saxlanılan şəxsin ailəsi olmadığı, yaxınlarının bizlər olduğu bildirilmişdi. Ancaq bundan sonra əşyaları içəri keçirə bilmişdik. Düşünürdük ki, Ombudsman Aparatının vəziyyəti izah etməsindən sonra növbəti dəfələrdə bizə maneə yaradılmayacaq. Ancaq onlar hər dəfə Ombudsman Aparatından yenidən zəng gələcəyi təqdirdə əşyaları götürəcəklərini deyirlər” – o, bildirib.
Sənubər Heydərova yaradılan bu maneənin qəsdli formada həyata keçirildiyini hesab etdiklərini düşünür. Onun sözlərinə görə, vəziyyət aydınlaşdıqdan sonra gətirilən əşyaları qəbul etməyib onun dostlarını saatlarla gözlətmək Raufun aktivist fəaliyyəti səbəbindən yaradılan süründürməçilikdir.
Rauf Heydərovun həbs müddəti aprelin 9-da başa çatacaq. Onun haqqında 30 sutka həbs cəzasından verilmiş apelyasiya şikayəti də təmin olunmayıb. Rauf özü isə vəkili Rövşanə Rəhimliyə saxlanılarkən fiziki zorakılığa, davamlı təhqirlərə məruz qaldığını və məhkəməyə çıxarılanadək ac-susuz saxlanıldığını bildirib.