

Bu gün vəkil Rövşanə Rəhimli Daxil İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində aktivist Rauf Heydərovla görüşüb.
O, bildirib ki, 10 mart tarixində mədə ağrılarına görə getdiyi xəstəxanın çıxışında saxlanılıb: “Xəstəxanada iynə vurdurmuşdum deyə çox halsız idim. Çıxışda polislər məni sürüyərək zorla bir avtomobilə əyləşdirdilər və polis idarəsinə gətirdilər. Orada saxlanıldığm müddətdə döyüldüm, davamlı olaraq təhqirlərə məruz qaldım.
Məni bir masaya əyləşdirib qabağıma vəkildən imtina etdiyimə dair ərizə qoydular və dedilər ki, bu kağızı imzalamalısan. Mən imzalamaqdan imtina etdiyimi bildirdikdən sonra isə iki dəfə başımı masaya çırpdılar. Məhkəməyə çıxarılanadək nə su, nə yeməklə təmin olundum və həm səhhətimə görə, həm də döyüldüyüm üçün çox halsız vəziyyətdə idim” – o deyib.
Rauf Heydərov haqqında 10 mart tarixində 30 sutkalıq həbs qərarı çıxarılıb. Onun bildirdiyinə görə, məhkəməyə çıxarılarkən üst-başı da pis vəziyyətdə olub, hətta hakim niyə belə vəziyyətdə olması ilə bağlı ona suallar versə də sonda danışdıqlarını nəzərə almayıb.
Bu gün Bakı Apelyasiya Məhkəməsində baş tutan proses də Rauf Heydərovun əleyhinə nəticələnib və 30 sutkalıq həbs cəzası qüvvədə saxlanılıb. Vəkil Rövşanə Rəhimli deyib ki, şəhərdə sıx tıxac olduğundan o, məhkəməyə bir neçə dəqiqə gecikib, amma zəng edərək çatmaq üzrə olduğunu bildirib. Vəkil deyir ki, bu, məhkəmələrin iş qaydasında sadə haldır və tərəflərdən birinin təmsilçisi gecikərsə hər zaman gözlənilir: “Lakin bu dəfə vəkili gözləmədən məhkəmə prosesini keçirdilər. Bu, Rauf Heydərovun müdafiə hüququnun kobud sürətdə pozulmasıdır” – vəkil bildirib.
Rauf, eyni zamanda, məhkəmə hökmündən sonra gətirildiyi İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində hər hansı bir problemlə üzləşmədiyini və saxlanma şəraitinin normal olduğunu bildirib. O hal-hazırda təkadamlıq kamerada saxlanılır. Deyib ki, özünü mərkəzin psixoloqu kimi təqdim edən bir əməkdaş da onunla davamlı görüşərək söhbət aparır.
Xatırladaq ki, Rauf Heydərov 8 mart günü həbsdə olan 8 qadın jurnalistin fotoları əks olunan posterlə şəhərin mərkəzində təkadamlıq etiraz nümayiş etdirib. O, həmin gün Natəvan heykəlinin önündəki ilk etiraz cəhdi zamanı saxlanılaraq bir neçə saat sonra sərbəst buraxılıb. Daha sonra isə Cəfər Cabbarlı heykəlinin önündə posterlə foto çəkdirərək paylaşıb. Həmin tarixdən iki gün sonra, 10 mart günü polis tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılıb və ondan xəbər almaq ancaq bir gün sonra mümkün olub.
Bəzən satirik, bəzən üsyankardır. 2021-ci ildən bəri LGBTQ-feminist gündəminin ardı ilə gedir.