

Gürcüstan hökuməti ABŞ-da müzafizəkar siyasi fəal Charlie Kirkin qətli hadisəsini ölkədəki liberal müxalifəti hədəf almaq üçün fürsətə çevirməkdə niyyətli görünür. Anti-LGBTQ+ mövqeyi ilə də seçilən hökumətin daha bir təmsilçisi olan prezident Kavelashvili isə Kirkin qətlini onun LGBTQ+ təbliğatına qarşı çıxması ilə əlaqələndirib.
O, özünün X (Twitter) hesabında etdiyi paylaşımda yazıb:

Prezident Kavelashvili həm də bildirib ki, bu qətl sadəcə bir şəxsin həyatı ilə bağlı deyil, həm də “müasir dünyada liberal radikalizmin necə təhlükəli bir silaha çevrildiyini” göstərir. Prezidentin sözlərinə görə, “bu hadisə yalnız ABŞ-da deyil, bütün dünyada mühafizəkar dəyərlərə qarşı aparılan təzyiqlərin nümayişidir”.
Baş nazir İrakli Kobaxidze isə əvvəlcə daha yumşaq tonla başsağlığı versə də, sonradan bildirib ki, bu hadisə “özünü liberal adlandıranların və psevdo-liberalların dünyanı hansı istiqamətə apardığını göstərir”. O, həmçinin iddia edib ki, əvvəllər hakimiyyətdə olan Sakaşvilinin Vahid Milli Hərəkat Partiyası ilə əlaqəli bəzi müxalif fəallar və xaricdən maliyyələşən şəxslər qətl xəbərinə gülüş və istehza ilə yanaşıblar.
Parlament spikeri Şalva Papuaşvili də X platformasında (Twitter) paylaşım edərək Kirkin ölümünü pisləyib və bu cinayəti demokratiyaya qarşı hücum kimi qiymətləndirib.
Kirk ABŞ-da mühafizəkar “Turning Point USA” (Dönüş Nöqtəsi – ABŞ) təşkilatının təsisçilərindən biri kimi tanınırdı və keçmiş prezident Donald Trumpa yaxın fiqurlardan hesab olunurdu. Onun “Turning Point USA” təşkilatı lisey, kollec və universitetlərdə mühafizəkar siyasətin təbliğatını aparmaqla məşğul idi. Kirkin 2016 və 2024 seçkilərində gənclər arasında kampaniya apararaq Trumpın səs qazanmasında rol oynadığı düşünülür. O, Yutah ştatında universitetdə çıxışı zamanı snayper atəşi ilə öldürülüb. Həmin vaxt o, bir iştirakçının transgenderlərlə bağlı verdiyi sualı cavablandırırdı. Cinayəti törədən şəxsin hələ də tapılmadığı bildirilir.