
Gəncədə avtomobillə hərəkət edən 2 trans qadın sözlü sataşmaya məruz qaldığı iddia olunur. Deyilənlərə əsasən, trans qadın olduğu bildirilən iki şəxs avtomobildən düşərək onlara sataşanlara etiraz ediblər. Bu zaman isə onlara sataşanlar çəkiliş etməyə başlayıblar və ətraflarına daha çox adam toplaşıb.
Həmin şəxslərin çəkdikləri video sosial şəbəkələrdə montaj olunmuş formada yayımlanıb. Orada sataşaraq qısnamaya məruz qoyduqları və sadəcə öz ləyaqətini müdafiə edən şəxslər eybəcər formada göstərilməyə çalışılıb.
Digər tərəfdən, sosial şəbəkələrdəki xəbər platformaları hadisənin başlamasına səbəb olan anların əks olunmadığı və üzərinə yazılan qeydlərlə transların hədəfə gətirildiyi bu videonu sürətlə tirajlayıblar.
Videonun yayımlandığı səhifələrin rəy bölmələrində trans qadınlara qarşı nifrət cinayətlərinə çoxsaylı çağırışlar edilib.
Qeyd edək ki, Azərbaycanda translara qarşı bu qəbildən olan hədəf göstərmə halları mütəmadi baş verir.
Cəzasızlıq mühiti, hökumət tərəfindən transları hədəf alan, onlara qarşı nifrət cinayətlərinə çağırış edən şəxslərin qorunması bu kimi halları daha da artırmağa, translar üçün ölkəni daha da yaşanılmaz, təhlükəli hala gətirməyə davam edir.
Trans qadınlara qarşı nifrət nitqlərinin və nifrət cinayəti çağırışlarının önlənməsi üçün effektiv addımlar atılmasını, yeni qanunvericilik aktlarının qəbul olunmasını tələb edirik!
