
Ənənəvi və konservativ dəyərlərin daha sərt hiss olunduğu bölgələrdən biri olan Gəncə şəhərində LGBTQ+ olmaq nə deməkdir? Bu yazıda Qıy Vaar! Gəncədə yaşayan kuirlərin gündəlik həyatda qarşılaşdıqları sosial təzyiqləri, görünməyə çalışdıqları məkanları və yaşamaq uğrunda verdikləri səssiz mübarizəni sənədləşdirir.
Rəngli köynəyə görə bölməyə aparılanlar
Gəncə küçələrində sadəcə rəngli kofta geyinməyin belə təhdid kimi qəbul edildiyi, “fərqli” görünməyin təhlükə yaratdığı bir reallıqdan bəhs edən anonim müsahibimiz deyir ki, bir neçə il əvvəl Gəncə şəhərində dostları ilə birlikdə 17 may – Beynəlxalq Homofobiya, Bifobiya və Transfobiya ilə Mübarizə Günündə göyqurşağını təmsil edən altı fərqli rəngdə köynəklər geyinib parkda şəkil çəkdirmək istəyiblər. Ancaq bu sadə jest nəticə etibarilə, onların polis bölməsində sorğuya çəkilməsi ilə yekunlaşıb:
“Dostlarımla birgə düşündük ki, 17 may gününü qeyd edək. Altı nəfər idik, LGBT bayrağının altı rəngi kimi hərəmiz bir rəngdə köynək geyinəcəkdik. Sadəcə bir parkda görüşəcək, şəkil çəkdirəcəkdik. Nə şüar, nə plakat, nə də aksiya idi bu. Amma gəlməli olan dörd nəfər son anda qorxdu. Dedilər ki, bu təhlükəlidir. Nə qədər izah etdik ki, bu sadəcə rəngli köynəkdir, inandıra bilmədik. Biz iki nəfər qaldıq və qərar verdik ki, yenə də gedək. Birimiz bənövşəyi, birimiz göy rəngdə köynəklər geyindik. Həmin gün səhər saat 12-yə yaxın Gəncə Mall ticarət mərkəzinə getdik. Girişdə bir şəkil çəkdirdik. Eskalatordan qalxanda dostum dedi ki, bizi izləyirlər. Əvvəlcə ciddi qəbul etmədim, amma bir mağazadan çıxanda gördüm ki, doğrudan da bizi izləyənlər var. Bir neçə nəfər yaxınlaşdı, “bizimlə gəlin” dedilər, amma kim olduqlarını demədilər.”
Respondentimiz deyir ki, onlara mülki geyimdə yaxınlaşan şəxslərlə ticarət mərkəzinin çıxışına doğru gediblər. Ticarət Mərkəzinin çıxışında – kameraların olmadığı yerə çatdıqda mülki geyimli polislərin davranışları dəyişib. Zərərçəkənin sözlərinə görə təqribən 10 nəfərdən ibarət polis dəstəsi onları qarşılayıb və qollarından tutaraq, “telefonunuzu verin” deyib, zorla üstü bağlı, mülki maşına mindiriblər. Zərərçəkən deyir ki, özlərini sanki müharibəyə aparılırlar kimi hiss ediblər. Onlar hara aparıldıqlarını soruşsalar da cavab ala bilməyiblər.
“Polis bölməsinə çatanda bizi kobud şəkildə maşından saldılar. İtələyirdilər, sanki yıxılmağımızı istəyirdilər. Rəisin yanına apardılar. Düşünürdüm ki, bəlkə rəis daha mədəni izah edər nə baş verdiyini, amma o daha da aqressiv idi. “Siz göt verməklə fəxr edirsiniz!” kimi təhqiramiz sözlər işlətdi. Sonra bizi aşağıda bir otağa apardılar. Bir-iki saat orda saxladılar. Nəhayət bir müstəntiq gəldi, bir az daha normal danışırdı. Dedi ki, guya Gəncədə gey parad keçirmək istəyirmişik. Biz dəfələrlə izah etdik ki, iki nəfərlə parad olmur. Sadəcə rəngli köynəklər geyinmişik. Kitablarımızı, çantamızı da axtardılar. Guya bizi qorumaq məqsədilə saxlayıblar. Amma bu açıq-aşkar bəhanə idi.”
Müsahibimizin sözlərinə görə, guya hər hansı bir ixtişaş və ya problem yaranmasın deyə hadisədən sonra da bir neçə gün ərzində polis mülki geyimdə onları izləməyə davam edib.
Bütün bu baş verənlər təkcə bir neçə insanın individual azadlıqlarını məhdudlaşdırmaqdan ibarət deyil. LGBTQ+ icmalarına qarşı bu cür yanaşmalar bir növ Azərbaycanın daxilindəki əzilən qrupları – xüsusilə də LGBTQ+ icmasını görünməz saxlamaq, onları siyasətdən kənar tutmaq və təcrid olunan qrupların üzləşdiyi diskriminasiya hallarını beynəlxalq arenada pərdələmək məqsədi də daşıyır. Hətta polis açıq şəkildə onlara deyib ki, “Əgər siz burada belə bir parad keçirsəydiniz, biz Avropa Şurası qarşısında biabır olardıq”. Kuirləri ictimai-siyasi məkandan təcrid etmə cəhdi isə avtoritar rejimlərin insanların gündəlik sosial və iqtisadi problemlərlə məşğul olub parçalara bölünməsini və beləliklə də öz haqlarını tələb etməməsini təmin etmək cəhdidir.
İntiharın görünməyən səbəbləri
Kollektiv həmrəyliyin və etirazın daha çətin formalaşdığı bu mühitdə insanlar təkləşir, təcrid olunur və bu sosial təcrid onları daha dərin problemlərə sürükləyir. Gəncədə LGBTQ+lər hər hansı bir kollektiv dəstək formalaşdırmağa çalışanda, bu dərhal təhlükə kimi qəbul edilir. Nəticədə, belə şəhərlərdə insanlar daha çox tək qalır, cəmiyyətin qınağı və təzyiqi altında sosial problemlər dərinləşir. 2018-ci ildə Bakı metrosunda intihar edən 22 yaşlı Gəncə şəhər sakini Mustafazadә Rәşadın hadisəsi buna misal ola bilər.
Rəşadın “Ulduz” metro stansiyasında özünü qatarın altına ataraq həyatına son verməsi xəbəri bir zamanlar yerli mediada mübahisəli yazılarla yadda qalıb. Mediada yayılan xəbərlərdə onun psixoloji problemlərdən əziyyət çəkdiyi və psixiatriya xəstəxanasında qeydiyyatda olduğu bildirilib. Həmin xəbərlərdə “oriyentasiyasında da problemlər olub”, “cinsi azlığın nümayəndəsi olma ehtimalının ağlabatan olması” kimi ifadələr işlədilib.

Gəncədəki LGBTQ+ icma üzvlərinin verdiyi məlumata görə, Rəşad metroları çox sevirmiş. Getdiyi hər təzə şəhərdə mütləq metro stansiyalarına baş çəkir, oradan şəkillər çəkdirirmiş. Eləcə də bu gəncin Gəncədəki məktəblərin birində rəqs müəllimliyi də etdiyi deyilir. Adının çəkilməsini istəməyən müsahibimiz Qıy Vaar!-a deyir ki, Rəşadın intaharından sonra dərslər yarımçıq qalıb. Məktəbdəki tələbələri isə onun xatirəsinə məktəbdə bir rəqs tamaşası hazırlayıblar, lakin rəhbərlik bu təşəbbüsə müdaxilə edib.
Gəncədə LGBTQ+lərə qarşı yönəlmiş bu cür təcridetmə və nəzarət halları nə təkcə indiki dövrə xasdır, nə də ayrı-ayrı hadisələr kimi dəyərləndirilə bilər. Şəhərdə müxtəlif dövrlərdə həm görünən, həm də səssiz formada etirazlar səslənib, kollektiv müqavimət cəhdləri olub. Həmin proseslərin içərisində iştirak etmiş LGBTQ+ hüquq müdafiəçisi Rəvan Nəsimi Abzas Media-ya verdiyi müsahibəsində öz yaşadıqlarını belə təsvir edir:
“Qohumlardan və yaxın qonşulardan gələn təzyiqlərdən dolayı biz Gəncədən Bakıya köçməli olduq. Çünki biz Gəncədə dükana gedirdik, bizə mal satmırdılar. Nə iş tapmaq mümkün idi… Qohumlardan hədə görürdüm, qardaşımdan hədə görürdüm. Polis, dövlət də təbii ki, hüquqlarımı müdafiə etmirdi. Hara gedirdim məni heç dinləmədən yola salırdılar”.
Qıy Vaar!-ın Gəncə şəhəri üzrə apardığı qeyri-rəsmi sorğunun nəticələrinə görə, iştirakçıların yalnız 13%-i özünü istədiyi kimi yaşaya bildiyini deyib. Respondentlərin 60%-dən çoxu isə ya daim ehtiyatlı davrandığını, ya da təhlükə hissinin gündəlik həyatlarının bir hissəsinə çevrildiyini bildirib. Respondentlərin 83%-i geyim, danışıq və davranışlarına görə sosial təzyiqə və ya zorakılıq riskinə məruz qaldıqlarını deyib. Sorğuda iştirak edənlərin 50%-i psixoloji yüklənmə və depressiyanı gündəlik təcrübələrinin bir hissəsi kimi qeyd edib. Yalnız bir nəfər “heç bir çətinlik yaşamıram” cavabını verib.
Sorğuda iştirak edən anonim respondentlərdən biri yazır:
“Polislər heç bir əsas olmadan məni bölməyə aparmaqla hədələyirlər. Azyaşlı olduğum üçün düşünürlər ki, daha rahat qorxuda bilərlər. Deyirlər ki, ‘valideyninə deyərik ki, oğlun sırğa taxır, petuxdur.’ Amma tək şansım odur ki, ailəm məni olduğum kimi qəbul edir.”
Gəncədə LGBTQ+lər üçün gündəlik həyat, ifadə və təhlükəsiz yaşamaq hüququnun sistemli şəkildə pozulması ilə xarakterizə olunur. İcma üzvlərinin hekayələri, qeyri-rəsmi sorğu nəticələri və şəxsi təcrübələr göstərir ki, LGBTQ+lər təkcə cəmiyyətdən deyil, dövlətin qoruyucu strukturlarından da kənarda saxlanılır. Bunlar isə Azərbaycan Respublikasının daxili qanunvericiliyində və qoşulduğu beynəlxalq insan hüquqları konvensiyalarında nəzərdə tutulan bərabərlik və müdafiə öhdəliklərinin yerinə yetirilməməsinə işarədir.
