
Gəncə şəhərində yaşayan 24 yaşlı Dəniz (ad şərtidir) ailəsi tərəfindən dəfələrlə psixolojik və fiziki şiddət gördüyü üçün evi tərk etmək məcburiyyətində qalıb. Bu barədə Qıy Vaar!-a Dənizin özü məlumat verib. Onun sözlərinə görə, bir həftədir küçələrdə, bəzən isə internet kluba gedərək orada yatır, evinə qayıda bilmədiyi üçün təmiz paltar ehtiyacını da qarşılaya bilmir.
Dəniz deyir ki, uşaqlıqdan bəri ailəsi onu təhsildən yayındırıb. 14 yaşından isə öz təminatını qarşılamaq üçün çox saylı işlərdə işləyib. Hazırda isə videoqraf və fotoqraf işləyərək həyatına davam edir.
“Hazırda isə mənə cinsi oriyentasiyama görə təzyiq edirlər. Qardaşım mənə həm psixoloji, həm də fiziki zorakılıq göstərir. Sonuncu dəfə o mənim evdən çıxmağıma imkan vermirdi. Əlimi-qolumu buraraq məni otağa bağlamağa çalışırdı və evdən çıxa bilməyim deyə paltarlarımı soyunmağımı tələb edirdi. O, həm də dəfələrlə məni ağır şəkildə təhqir edib” – Dəniz deyir.
24 yaşlı kuir bildirir ki, ailəsi dəfələrlə polis vasitəsi ilə onu ruhi dispanserə salmağa cəhd göstərib. Polis, ailəsinin bu işinə ortaq olsa da xəstəxanadakı psixiatr onu yoxladıqdan sonra bir probleminin olmadığını, bu xəstəxanaya onu qəbul edilməsinin qanunsuz olduğunu bildirib. Dəniz beləlikdə hər dəfə ruhi dispanserə qapadılmaqdan qurtulduğunu deyir.
Onun sözlərinə görə, özü də ailəsinin ona qarşı fiziki və psixoloji zorakılıq göstərməsi ilə bağlı bir neçə dəfə polisə müraciət edib: “Lakin polis idarəsində hər dəfə məni qınayırdılar və onların mənim ailəm olduğunu bildirərək şikayətimi geri çəkməyimi tələb edirdilər”.
“Qardaşım indi də hər yerdə məni axtarır və təhdidlər savurur. Deyir ki, evə gəlməyim və əgər gəlsəm məni dəlixanaya göndərəcəklər. Mən ailəmin mənə qarşı olan bu rəftarından bezmişəm. Əslində uşaqlıqdan mənə rəftar pis olub. Uşaq vaxtı aldığım ən böyük travmalardan biri anamın məni bərkdən döydükdən sonra zəncirləyib çıxıb işə getməsi idi” – müsahib əlavə edir.
Dəniz deyir ki, hazırda öz vəziyyətini necə düzəldəcəyi ilə bağlı sağlam nəsə düşünə bilmir: “Əslində vəsiyyətlə bizə qalan evlərdən digərlərini qardaşım satıb pulunu özünə götürmüşdü. İndi yaşadığımız ev isə mənə qalmalıdır. Ailəmlə bu evdə yaşayırdım. Anidən evdən ayrılmağa məcbur oldum deyə heçnəsiz qalmışam”.
