Fərhad Pərvizinin çalışdığı şirkətin beynəlxalq qərargahından açıqlama: “Bu hadisə bizim kimliyimizi əks etdirmir”

Fərhad Pərvizinin çalışdığı şirkətin beynəlxalq qərargahından açıqlama: “Bu hadisə bizim kimliyimizi əks etdirmir”
Gender & Media Watch

Sosial mediada geniş rezonans doğuran və gender əsaslı nifrət nitqi yaymaqda ittiham edilən “Baker Tilly Azerbaijan” şirkətinin direktoru Fərhad Pərvizi ilə bağlı aparılan ictimai kampaniyaya “Baker Tilly International”ın baş icraçı direktoru Francesca Lagerberg cavab verib.

Gender & Media Watch tərəfindən yayılan məlumata görə, Fərhad Pərvizinin dövlət televiziyasında və digər platformalarda qadınlara qarşı alçaldıcı, cinsi qısnamaya təşviq edən və gender əsaslı ayrı-seçkiliyi legitimləşdirən çıxışları sənədləşdirilib və ictimaiyyətə təqdim olunub. Bu çıxışlar bir çox platformalar tərəfindən paylaşılıb və sosial mediada sürətlə yayılıb.

Bunun ardınca “Baker Tilly Azerbaijan”ın rəsmi Instagram səhifəsində yayımlanan qeyri-müəyyən və məsuliyyətdən yayındırıcı açıqlama tənqid olunub. Açıqlamada nə gender bərabərliyi ifadəsinə yer verilib, nə də konkret tədbirlər qeyd olunub. Eləcə də izləyicilərin tənqidi rəyləri silinib, şərh bölməsi bağlanıb.

Bu səbəbdən Gender & Media Watch platforması məsələni beynəlxalq mərkəzə çatdırıb. Lagerbergin imzası ilə gələn cavabda deyilir:

“Yaxınlarda Azərbaycandakı ofisimizin bir əməkdaşının sosial mediada şirkətimizin və qlobal şəbəkəmizin mövqeyinə zidd şəxsi fikirlərini paylaşdığı barədə məlumat aldıq. Dərhal əlaqə saxlanılıb və həmin məzmunun silinməsi üçün tədbir görülüb. Hazırda məsələ həmin şəxslə müzakirə edilir”.

Lagerberg məktubunda əlavə olaraq bildirir ki, şirkət qlobal səviyyədə gender bərabərliyinə sadiqdir və bu hadisənin onların kimliyini əks etdirmədiyini düşünür. Onun sözlərinə görə, “Baker Tilly Azerbaijan” komandasında 150-dən çox əməkdaş çalışır və gender nisbəti 50:50-dir. GMW platforması öz bəyanatında vurğulayıb ki, belə halların monitorinqini davam etdirəcək, sübutları toplayaraq aidiyyəti beynəlxalq və yerli qurumlara təqdim edəcək və tədbir görülməsi üçün təzyiq göstərəcək:

“Qadınlara qarşı nifrət nitqinin yayılması, gender əsaslı ayrı-seçkiliyin normallaşdırılması, zərərçəkənlərin günahlandırılması və cəmiyyətə düşmən obrazının ötürülməsi yolverilməzdir. Bu məsələdə səssiz qalmaq mümkün deyil. Sizi də bu işdə fəal olmağa çağırırıq”

Paylaş