Fatimə Mövlamlı həbsdən Əvəz Hafizli haqqında yazır

Fatimə Mövlamlı həbsdən Əvəz Hafizli haqqında yazır

Həbsdə olan jurnalist Fatimə Mövlamlı Qıy Vaar!-a göndərdiyi məktubunda Əvəz Hafizli haqqında yazır. Məktubu olduğu kimi təqdim edirik:

“Soyuq bir fevral səhərini rəfiqəmlə Qaraçuxur məscidinin həyətində park edilmiş avtomobilin içərisində açdıq. Üzbəüz dayandığımız yer məscidin cənazələrin yuyulması üçün ayrılan hissəsi idi. Birdən maşının açıq qalan radiosundan Barış Dirinin “Derinden-derinden” mahnısının səsləndiyini eşitdik. Rəfiqəmlə sanki qəfil yuxudan oyanıbmış, içəridə dəfn üçün hazırlanan cənazənin dostumuza aid olmasını yenicə öyrənibmiş kimi səksənmiş halda bir-birimizə baxdıq. Qucaqlaşıb ağlamağa başladıq. Bizim baş verənləri anlamağa, yas tutmağa, adicə ağlama belə gecə boyu fürsətimiz olmamışdı. Çünki bütün fikrimiz dostumuzun cənazəsini onun ailəsindən qorumağa yönəlmişdi…

22 fevral, 2022-ci il tarixində aldım həmin sarsıdıcı xəbəri: kuir fəal Əvəz Hafizli qohumu tərəfindən amansızlıqla qətlə yetirilib. Əvəzin qətlinə səbəb cinsi oriyentasiyası və bunu ictimaiyyətə bəyan edə bilməsiydi. Xəbəri alan kimi əvvəlcə Sabunçu Şəhər Xəstəxanasının morquna, oradan da bir vaxtlar Əvəzin yaşadığı evə yollandım. Qohumları məni evə buraxmağa tərəddüd etsələr də (qorxdular ki, onları videolentə alaram) sonradan razılaşdılar. Əvəzin hələ cənazəsi soyumamış evində müşahidə elədiklərim qanımı dondurdu: guya yas yerinə yığışan qohum-əqraba məmnunluqla gülümsəyir, aralarındakı pıçhapıçın səsi evi başına götürüb və özlərini ağır bir yükdən xilas olubmuş kimi gümrah aparırlar. Evdən çıxanda üzümü evdəkilərə tutub “Allah rəhmət eləsin. Əvəz çox yaxşı insan idi” dedim. “Amma murdar idi o”, –hüzürə gələn qadınlardan biri ağzı tüpürcəklənə-tüpürcəklənə bağırdı. Ona söz deməyə macal tapmamış ətrafdakı kişilər qoluma girib məni bayıra çıxardılar. Həmin səs-küyün içində qulağıma ev yiyələrinin mollanın dəfn üçün tez ora gəlməyini tələb etməsi səsləri gəldi. Əvəzi elə gecə ilə,  heç bir mərasimsiz, kəfənsiz-filansız dəfn eləmək, həyatını cəhənnəmə çevirdikləri insanın, son bir fürsət, nəşinə də əzab vermək istəyirdilər.

O gecə sübhədək 10-15 nəfərlə birgə Əvəzin evinin qarşısında keşik çəkdik. Orada olmağımızdan qıcıqlanan qohumları gedib-gəlir söz atır, sataşır, bizi provokasiyaya çəkməyə çalışırdılar. Hər şeyə rəğmən gecəni orada keçirdik və o insanlar çirkin istəklərinə çata bilmədilər. Nifrət cinayətini cəmiyyət qarşısında ört-basdır etmək üçün dəfni bütün dini normalara uyğun keçirməyə məcbur qaldılar. Əvəzində Əvəzin məzarından qisas almağa çalışdılar: ailəsi artıq 4 ildir ki, onun qəbrinə başdaşı qoyulmasına icazə vermir. Beləcə xatirəsinin unudulacağına ümid edirlər. Bununla belə bu insanlar və həmfikirləri öz qəlblərinin çirkinliyini gözardı edibƏvəzi “murdar” adlandıracaq hünəri özlərində tapırlar.

Bu gün Əvəzin qətlə yetirilməsindən 4 il ötür. O, yaddaşımda cana yaxın, səmimi, daim insanların köməyinə qaçmağa hazır və təəssüf ki, həyatdan arzularına çatmadan qoparılan gənc bir dostum kimi yaşayır. Hələ də həmin səhər maşının radiosundan eşitdiyim mahnını dinləyəndə gözümün qarşısında Əvəzin uşaqsayağı, şıltaq halları və məşum ölümü canlanır.

Ümid edirəm ki, əziz dost, indi olduğun yerdə mübarizə aparmağa məcbur deyilsən və daha əzab çəkmirsən. Arzuladığın, insanların sadəcə kimliklərinə görə öldürülmədiyi ölkəni görmək ən azı səni tanıyan hamının istəyidir. Xatirən əziz və dəyərlidir. Qatillərin isə daim nifrətlə yad ediləcək.

Fatimə Mövlamlı

Bakı İstintaq Təcridxanası

Paylaş