
Screenshot

Ermənistanlı tanınmış trans hüquq müdafiəçisi Lilit Martirosyan may ayında San-Paulodan Mombasaya səyahət edərkən Dubayda beynəlxalq hüququ pozan münasibətlə qarşılaşıb.
Yalnız tranzit zonada olan Lilit, Dubay hava limanında heç bir hüquqi əsas olmadan saxlanılıb, pasportu əlindən alınıb, şəkli icazəsiz çəkilib və ona 14 saat ərzində nə su, nə yemək, nə də istirahət imkanı verilib.
Martirosyanın bildirdiyinə görə, problem hələ San-Paulo hava limanında Emirates şirkətinin qeydiyyat masasında başlayıb. Burada pasportu qeyri-adi uzun müddət saxlanılıb və ona səyahətlə əlaqəsi olmayan suallar verilib. Dubaya çatdıqdan sonra isə hava limanında dərhal saxlanılıb və “sən transsan, Dubaya daxil ola bilməzsən” sözləri ilə alçaldılıb.
Hadisə ilə bağlı Emirates şirkətinə dəfələrlə şikayət edilsə də, heç bir cavab verilməyib. Şirkət məsuliyyəti rədd edərək, səlahiyyətlərinin olmadığını bildirib. Halbuki, Martirosyanın Emirates qaydalarına əsasən oteldə qalmağa hüququ var idi və şirkət bunu təmin etməli idi.
Hazırda beynəlxalq All Out platformasında Lilit Martirosyana dəstək məqsədilə imza kampaniyası başladılıb. Kampaniya Birləşmiş Ərəb Əmirliklərindən hadisənin araşdırılmasını və rəsmi üzr istənilməsini tələb edir.
Aktivistlər baş verənlərin təkcə Lilit üçün deyil, bütün translar üçün təhlükəli vəziyyət yaratdığını vurğulayırlar.