
Bakıda trans qadın restorandan qovuldu – ayrı-seçkilik iddiası
Bakı şəhərində yerləşən “Buxur Lounge” adlı iaşə müəssisəsində baş verən insident zamanı trans qadın və dostları restoran əməkdaşları tərəfindən məkandan uzaqlaşdırılıb. Hadisə martın 9-da, axşam saat 11-12 radələrində baş verib.
Zərərçəkənin sözlərinə görə, bu restorana daha öncə də gedib və indiyə qədər heç bir problemlə üzləşməyib. Lakin bu dəfə trans dostları ilə birgə məkanı ziyarət etdikdə gözlənilməz reaksiya ilə qarşılaşıb. Onun bildirdiyinə görə, girişdə heç bir maneə ilə üzləşməsələr də, masalarına yaxınlaşan administrator onlara məkanın dolu olduğunu bildirərək başqa vaxt gəlmələrini tələb edib.
“Dostlarım məkandan çıxmağa razılaşsa da, mən əvvəllər də bura gəldiyim üçün şübhələndim və çıxarılma səbəbimizi dəqiqləşdirmək istədim. Bu zaman administrator ‘sizin kimilərin buraya girməsinə icazə vermirik’ dedi. Onun ‘bizim kimilər’ ifadəsi ilə nəyi nəzərdə tutduğunu soruşduqda isə ‘kimliyinizlə görünüşünüz uyğun gəlmir, müdriyyət icazə vermir’ cavabını verdi. Müdiriyyətlə görüşmək tələbim isə cavabsız qaldı”, – deyə o bildirib.
Zərərçəkənin sözlərinə görə, restoran əməkdaşları sonradan məkanda imsak üçün hazırlıq getdiyini və məkanın bağlanacağını əsas gətiriblər. Lakin o, içəridə spirtli içkilərin olması səbəbindən bu arqumentin inandırıcı olmadığını düşünür. Bundan əlavə, administrator onlara bu qaydanın digər restoranlarda da tətbiq ediləcəyini və vəsiqəsindəki cinsiyyəti ilə görünüşü uyğun gəlməyən şəxslərin ictimai iaşə məkanlarına buraxılmayacağını bildirib.
Zərərçəkmiş hadisə baş verən zaman digər müştərilərin xüsusi reaksiya vermədiyini, lakin administratorla mübahisə başladıqdan sonra insanların diqqətinin cəlb olunduğunu qeyd edib. Onun sözlərinə görə, restorandan çıxarıldıqda bəzi işçilər onlara baxaraq gülüblər.
Hüquqi tədbirlər görüb-görməyəcəyi ilə bağlı suala cavab verən zərərçəkən bildirib ki, əvvəlki oxşar hadisələrdə hüquq-mühafizə orqanlarına müraciət edib, lakin polisin ona kömək etmədiyini, əksinə, şəxsi həyatı və bədən quruluşu ilə bağlı suallar verdiyini müşahidə edib. Bu səbəbdən, o, polisə müraciət etməyin mənasız olduğunu düşünür.
“Biz utanmalı deyilik”
O, cəmiyyətə və LGBTQ+ icmasına mesaj verərək bu kimi hallarda insanların öz hüquqlarını tələb etməli olduğunu vurğulayıb:
“Əvvəllər düşünürdüm ki, bəlkə də, insanlar haqlıdır və mən başqaları üçün mənfi nümunəyəm. İndi isə tam əksini düşünürəm. Biz utanmalı deyilik, çünki kimliyimizi və oriyentasiyamızı özümüz seçmirik. Hər kəsi öz hüquqlarını tələb etməyə çağırıram. Hüquqşünas dostlarımdan öyrəndiyimə görə, ictimai iaşə müəssisələri cinsindən, dinindən və ya digər fərqliliklərindən asılı olmayaraq hər kəsə xidmət göstərməyə borcludur. Əgər bu kimi hallarda daha çox insan reaksiya versə, diskriminasiyaya qarşı mübarizədə irəliləyiş əldə edə bilərik” – deyə o bildirib.
Qıy Vaar!, 2021-ci ildən bəri LGBTQ+ və feminist gündəmini izləyərək, bu mövzular ətrafında ictimai müzakirələri genişləndirmək və susdurulan səsləri ön plana çıxarmaq üçün fəaliyyət göstəririk. Cəmiyyətin LGBTQ+lərə tanıdığı məhdud rollardan çıxaraq, LGBTQ+ hekayələrimizi danışmaq üçün qurduğumuz bu məkan “sənə danışmaq üçün platforma vermək istəyirik” ideyası ilə alternativ media yaradır. Kuirsənsə və ayrı-seçkiliklə üzləşmisənsə, bizə yaz.