Bakıda kuir dostu kluba polis basqını: saxlanmalar, zorakılıq və rüşvət var

Bakıda kuir dostu kluba polis basqını: saxlanmalar, zorakılıq və rüşvət var
Screenshot
Foto: Fərqanə Novruzova

Bakının mərkəzi küçələrindən birində yerləşən kuir məkana gecə saatlarında polis basqını edilib. İcma üzvlərinin bildirdiyinə görə, hadisə zamanı təxminən 100-ə yaxın insan saxlanılıb.

Qıy Vaara verilən məlumata əsasən, polis hadisə yerinə avtobuslarla gələrək insanları kütləvi şəkildə polis bölməsinə aparıb. Saxlanılan şəxslər soyuq havada uzun müddət küçədə saxlanılıb, bəzilərinin halı pisləşib və huşunu itirənlər olub.

Saxlanılanların sözlərinə görə, polis bölməsində zorakılıq halları yaşanıb. Bir neçə nəfər fiziki zorakılığa məruz qaldığını bildirir. Qadınlardan birinin saçlarının kəsildiyi, bir nəfərin dişinin sındırıldığı qeyd olunur. Eyni zamanda, polis əməkdaşları tərəfindən alçaldıcı ifadələr və hədə-qorxular səsləndirildiyi, saxlanılan şəxslərdən 50-100 manat arası rüşvət tələb edildiyi deyilir. Polis bölməsində seksual zorakılıq halının da baş verdiyi bildirilir. Saxlanılanlar məhkəməyə çıxarılmaqla, heç bir əsas olmadan narkoloji testlərə tabe tutulmaqla təhdid olunublar.

Bu hadisə LGBTQ+ məkanlarına qarşı ilk hücum deyil. İcma üzvləri bildirir ki, ötən il də oxşar polis reydləri həyata keçirilib və bu cür basqınlar sistemli xarakter daşıyır.

Hüquq müdafiəçiləri qeyd edirlər ki, bu tip polis “ovları” Azərbaycan reallığı üçün yeni deyil. Dövlət qurumları kuir icmasının hüquqi və institusional baxımdan qorunmasız olmasından istifadə edərək planlaşdırılmış və kütləvi reydlər həyata keçirir. Hüquqi müdafiə mexanizmlərinin effektiv işləməyəcəyi və şikayətlərin vətəndaşın lehinə nəticələnməyəcəyi əvvəlcədən məlumdur. Saxlanılanlar onlara aid şəxsi məlumatların toplu şəkildə qeyd edildiyini, şəkillərinin və barmaq izlərinin alındığını deyirlər. İnzibati xəta çərçivəsində aparılan bir işdə bu cür məlumatların toplanması hüquqi əsasla çox, LGBTQ+ icması üzərində total nəzarət mexanizmi yaratmaq üçündür. Qıy Vaar kollektivi olaraq dərhal və qeyri-şərtsiz şəkildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyini, Baş Prokurorluğunu məsələni araşdırmağa və açıqlama verməyə çağırırıq.

Zərərçəkənlərdən hüquqi müdafiəsinin təşkili və baş verən faktları sənədləşdirmək məqsədilə bizimlə əlaqə saxlamalarını rica edirik.

Paylaş