Bakıda 106 nəfər saatlarla saxlanılıb, alçaldıcı rəftar və işgəncə iddiaları var

Bakıda 106 nəfər saatlarla saxlanılıb, alçaldıcı rəftar və işgəncə iddiaları var

Bakının mərkəzində yerləşən kuir məkana edilən polis basqını ilə bağlı yeni və daha ağır faktlar üzə çıxıb. Qıy Vaara daxil olan məlumata görə, saxlanılan 106 nəfər 12-13 saat ərzində heç bir hüquqi əsas göstərilmədən Nəsimi Rayon Polis İdarəsində saxlanılıb.

İcma üzvləri bildirir ki, saxlanılan şəxslərə ailə üzvlərinə zəng etməyə icazə verilməyib. Bölməyə gələn valideynlər isə polis əməkdaşları tərəfindən açıq şəkildə alçaldılıb. Valideynlərə ünvanlanan “petuxdurlar uşaqlarınız, yaxşı etmişik” kimi ifadələr dövlət qurumlarının icmamıza qarşı nifrət dili və insanlıqdan kənar münasibətinin açıq göstəricisidir.

Saxlanılanlardan bəzilərinin verdiyi məlumata əsasən, polis əməkdaşları onları bir-birinə qarşı ifadə verməyə, digər saxlanılanların “üzünə durmağa” məcbur etməyə çalışıb. Bu cəhdlər inzibati iş çərçivəsindən kənara çıxan, saxta ittihamlar formalaşdırmağa yönəlmiş təzyiq mexanizmləridir.

Bildirilir ki, 106 nəfər soyuq havada, qalın geyimlərsiz, ac və susuz vəziyyətdə saxlanılıb. Hətta onlara sadəcə 1 butulka su və 1 zavod çörəyi verilib. Tualetə getməyə belə icazə verilməyib. Zərərçəkən icma üzvlərindən biri Qıy Vaara yaşadıqlarını belə təsvir edir:

“Mən də orada idim, 106 nəfər idik. Gördüklərim mənə travma oldu, ağlımdan çıxmır. Gözümü yumanda kabus kimi polislərin üzləri yadıma düşür. Tualetə bir neçə dəfə yalvarsam da buraxmadılar. O soyuqda kurtkasız halda altıma işədim, üstümdə sidik dondu.”

Biz, Qıy Vaar kollektivi olaraq, zərərçəkən yoldaşlarımızla həmrəy olduğumuzu bəyan edir və hadisəni nəzarətdə saxlayacağımızı bildiririk. Biz səbəbkarları tanıyırıq. İllərdir hüquqlarımızı yox sayan, qanunvericilikdə seksual oriyentasiya və gender kimliyinə əsaslanan ayrı-seçkiliyi qadağan etməyən, LGBTQ+ icmasını məkanlarından sıxışdıran və görünməzliyə məcbur edən sistem bu zorakılığın əsas günahkarıdır. Dövlət qurumlarını və ictimaiyyəti baş verən hüquq pozuntularına dərhal və adekvat reaksiya verməyə çağırırıq. Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsində saxlanılan 106 nəfərə qarşı tətbiq edilən zorakılıq, alçaldıcı rəftar, əsas göstərilmədən saxlanılma, rüşvət, seksual zorakılıq və işgəncə iddiaları ilə bağlı təcili, müstəqil və şəffaf araşdırma aparmalıdır.

Kuir icmasına qarşı illərdir davam edən sistemli zorakılığa və cəzasızlıq praktikasına son qoyulmalı, bu cür polis ovlarının təkrarlanmayacağına dair ictimai zəmanət verilməlidir.

Məkanlar,

Gecələr,

Küçələr bizimdir!

Paylaş