Baker Tilly International, Fərhad Pərvizini Azərbaycan filialındakı vəzifəsindən azad etdi

Baker Tilly International, Fərhad Pərvizini Azərbaycan filialındakı vəzifəsindən azad etdi


LinkedIn/Fərhad Pərvizi

Baker Tilly International şirkəti iqtisadçı Fərhad Pərvizi “Baker Tilly Azerbaijan”dakı Maliyyə və biznes məsləhət xidmətləri üzrə direktor vəzifəsindən azad edib.

Bu barədə Bakupost.az saytına məlumat verilib. Bildirilib ki, bu qərar yalnız korporativ məsuliyyət çərçivəsində deyil, eyni zamanda cəmiyyətin sağlam gələcəyi üçün atılmış cəsarətli və prinsipial mövqedir.

Qərara səbəb isə Fərhad Pərvizin qadınlara qarşı alçaldıcı, cinsi qısnamaya təşviq edən çıxışlarının ifşa olunması və bu fikirlərin dövlət televiziyasında dəfələrlə səsləndirilməsi olub. Bir müddətdir sosial mediada qadınlar və feminist platformalar tərəfindən sənədləşdirilən və ictimailəşdirilən bu çıxışlar geniş rezonansa səbəb olmuşdu. 

“Baker Tilly International” şirkətinin marketinq şöbəsinin əməkdaşı məsələ ilə bağlı Bakupost.az-a açıqlamasında deyib:

“Özünüz görürsüz ki, son zamanlar sosial şəbəkələrdə nələr baş verir. Şirkət tərəfindən verilən hər hansı bir məlumat təhrif olunmuş şəkildə paylaşıla bilər deyə biz daxili siyasətimizə əsaslanaraq paylaşmamağa qərara gəldik. Bu müddət ərzində sizdən əlavə şirkətə çox sayda zənglər və sorğular gəlib. Biz qərara gəlmişik ki, heç bir zəngə, heç bir müraciətə cavab verməyək”.

Paylaş