
“Here, We Are” adlı sərgi COC Amsterdam tərəfindən təşkil olunmuş və Maksim Gutsu tərəfindən çəkilmiş portretlərdən ibarət sərgidir. Hər bir portret bir həyat hekayəsini vizual şəkildə təqdim edir. Fotoşəkillərə paralel olaraq sərgidə Grigor Gevorgyan tərəfindən toplanmış şəxsi ifadələr də yer alır.
Bu layihənin iştirakçılarından olan Zeyd Gülüzadə öz sözləri ilə deyir:
“Mənim xoşbəxtliyim təsadüf deyil. Mən heç vaxt hazır bir həyat almadım. Hər şeyi özüm qurmuşam.”
Zeyd Gəncədə doğulub. Uşaqlıqdan fərqli olduğunu hiss etsə də, bu fərqlilik onu uzun illər susmağa məcbur edib. Ailəsinin, cəmiyyətin təzyiqlərinə, qaçqınlıq yollarına, və müharibəyə baxmayaraq, o bu gün Amsterdamda öz həqiqətini ucadan deyir.
Açılış mərasimi 24 iyulda baş tutan sərgi 31 iyula qədər H’ART Muzeyində, Amsterdamda ziyarətçilər üçün açıqdır.
Zeyddən daha çox eşitmək üçün ona bu sualları verdik:
Öz hekayəni sənət vasitəsilə paylaşmaq sənin kimliyinə və gələcək arzularına necə təsir etdi? (Azərbaycanlı icma üçün təsirləri və s.)
“Hekayəmi paylaşmağımın səbəbi özümü daha çox qəbullanmaq istəyimdir. Bəzən “vətən” adlanan yerdən çıxıb daha rahat bir yerə düşəndə kim üçün və nə üçün savaşdığımız yadımızdan çıxır, həyatın axarına qarışıb gedirik. Ancaq yaşadığımız coğrafiyadan asılı olmayaraq mübarizəni heç vaxt dayandırmaq olmaz. Yenidən kölgədə gizlənəcəyiksə, deməli, biz hər şeyi çoxdan itirmişik. Məni “tərbiyə etmək” adıyla başqalarını misal gətirirdilər hər zaman.
İndi istəyirəm ki, valideynlərim bunu cavablasın: “Hansı xalxın uşağının muzeydə ekspozisiyası var?”
Heç birinin. Çünki mən “düzgün” və ya “hamı kimi” olmağı yox, özümü qəbul edib olduğum kimi xoşbəxt olmağı seçdim. Bu mənim nə qədər unikal olduğumun sübutudur. Mən burada tək özüm üçün yox, mənim kimi yüzlərlə qərarsız qalmış insanlar üçün də varam. Həyatda hər şey mümkündür.”



