

Azərbaycan miqrasiyası tez-tez sadə bir proses kimi qəbul olunur, xüsusilə viza almağın nisbətən asan olduğu ölkələrdən olan vətəndaşlar üçün. Hüquqi müdafiənin və sosial qəbulun olmadığı bir cəmiyyətdə bürokratiya, diskriminasiya və emosional təcridlə üzləşmək bəzən seçim olmur. Respondentlərimiz Pakistandan Azərbaycana gələn lezbiyan cütlükdür.
Azərbaycan Respublikasının Konstitusiyasının 69-cu maddəsinə əsasən, hər kəs sığınacaq axtarmaq hüququna malikdir. Lakin Konstitusiya və Miqrasiya Məcəlləsi (55-ci maddə və əlaqəli normativ aktlar) sığınacaq hüququnu çox məhdud şəkildə tanıyır: əsasən siyasi repressiya, müharibə, irqi, dini və ya etnik təqibə məruz qalan şəxslərə aiddir. Cinsi orientasiya və gender kimliyi isə Azərbaycanda hüquqi qorunma üçün etibarlı səbəb kimi qəbul edilmir.
Miqrasiya Məcəlləsində qeyd olunur ki, müraciət edən şəxslər rəsmi olaraq tanınmış təqib əsaslarını sübut etməlidirlər və LGBTQ+ şəxslərə qarşı təqib, Azərbaycanda bu kateqoriyaya daxil edilmir.
Bizimlə anonimlik şərti ilə danışan lezbiyan cütlük münasibətlərinin ailələri və cəmiyyət tərəfindən öyrənilməsindən sonra Pakistandan qaçmağa məcbur olduqlarını deyirlər.
“Bizim Pakistanda həyatımız üçün ciddi təhlükələr var idi, çünki münasibətimiz, lezbiyan cütlük olduğumuz məlum oldu. Azərbaycan vizası Pakistan pasportu ilə sadə və sürətlidir, buna görə əsas prioritetimiz həyatımızı xilas etmək idi.”
Lakin ölkəyə çatdıqdan sonra bu sadəlik yerini çaşqınlıq və istismara verdi.
“Səyahətdən əvvəl qorxmuşduq və çaşqındıq. İnsanlar bizi aldatdı, pulumuzu aldı, yalan vədlərə inandırdı. Hüquqşünasımız yox idi və istintaqçı işimizi daha da uzadaraq çətinləşdirdi.”
Azərbaycanda kuir münasibətlər cinayət sayılmasa da, cəmiyyət daxilində homofobiya geniş yayılıb. LGBTQ+ şəxslər üçün yaşayış, məşğulluq və səhiyyə sahələrində diskriminasiyaya qarşı heç bir hüquqi müdafiə mövcud deyil. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bildirir ki, şəxslər seksual orientasiya və ya gender kimliyinə görə təqibə məruz qalırsa, sığınacaq alma hüququna malikdirlər. Eyni zamanda, Avropa Şurası və Yogyakarta Prinsipləri də dövlətlərin LGBTQ+lər zorakılıq və diskriminasiyadan qoruma öhdəliyini vurğulayır, xüsusilə miqrasiya və sığınacaq prosedurlarında.
Onların sığınacaq müraciəti hələ də qeyri-müəyyəndir və hər an deportasiya riski ilə qarşı-qarşıyadadırlar.
“Biz Bakıda qeyri-dayanıqlı şəraitdə yaşayırıq. Bilmirik bizi nə vaxt Pakistana geri göndərəcəklər. Məhkəmə qərarı istənilən anda çıxa bilər. Pakistanda həyatımız təhlükədə idi, amma orada daha yaxşı yaşayırdıq, maddi vəziyyətimiz də yaxşı idi. Bakıda bizi öldürməyə çalışan yoxdur, amma burada da həyat azaddan uzaqdır. Münasibətimizi açıq ifadə edə bilmirik, burada da homofobiya var. Emosional olaraq tükənmişik. Sosial həyatımız yoxdur, qazandığımız pulla yalnız çörək pulu və kirayəni güclə ödəyirik. Biz sadəcə xoşbəxt olmaq və sakit bir həyat yaşamaq istəyirik.”
Miqrasiya təzyiqi olmadan belə, Azərbaycanda lezbiyan şəxslər sistemli çətinliklərlə qarşılaşırlar. Onlar geniş yayılmış diskriminasiya, sosial təcrid, zorakılıq təhdidləri və münasibətlərinin hüquqi müdafiəsinin olmaması kimi problemlərlə üzləşirlər. LGBTQ+ icması daxilində də lezbiyanların görünməzliyi onların öz hüquqları uğrunda açıq şəkildə mübarizə aparmasını çətinləşdirir.
2022-ci ildə Bakıda bir qrup miqrant ictimai etiraz aksiyası ictimai etiraz aksiyası keçirdi. Onlar sığınacaq prosedurlarında ədalətli yanaşma və hüquqlarının tanınmasını tələb edirdilər. Aksiya dinc xarakter daşısa da, mövcud sistemin miqrantların ən sadə istək və tələblərini belə yerinə yetirmədiyi bir vaxtda, Azərbaycanın kuirlərin rahatlıqla miqrasiya edəcəyi bir yer olacağı güman edilmir.
Bundan başqa, 14 noyabr 2024-cü ildə Bakıda keçirilən COP29 konfransı çərçivəsində Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması tərəfindən səssiz etiraz aksiyası təşkil edildi. Bu nümayiş Avropada miqrantlara qarşı göstərilən təzyiqləri və dözülməz yanaşmaları vurğulamaq məqsədi daşıyırdı. İştirakçılar “İqlim ədaləti, sərhədlər deyil!” və “Miqrasiya insan hüququdur!” kimi şüarlar yazılmış plakatlar tutaraq miqrantların vəziyyətinə diqqət çəkməyə və onların hüquqlarının müdafiəsinə çağırış etdilər.
Qıy Vaar!, 2021-ci ildən bəri LGBTQ+ və feminist gündəmini izləyərək, bu mövzular ətrafında ictimai müzakirələri genişləndirmək və susdurulan səsləri ön plana çıxarmaq üçün fəaliyyət göstəririk. Cəmiyyətin LGBTQ+lərə tanıdığı məhdud rollardan çıxaraq, LGBTQ+ hekayələrimizi danışmaq üçün qurduğumuz bu məkan “sənə danışmaq üçün platforma vermək istəyirik” ideyası ilə alternativ media yaradır.