
Aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə “Meydan TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
Aytac Tapdıq proses zamanı çıxış edərək deyib:
“Martın 23-dən 24-nə keçən gecə 2 məhbusa bizim pəncərəmizin altındakı gəzinti sahəsində zorakılıq göstərilib. 10-a yaxın təcridxana əməkdaşı 15 dəqiqə boyunca onları qanına qəltan edib. Divarlar, gəzinti sahəsinin döşəməsi qanlar içində idi. Həmin şəxslər adlarının ictimailəşməyini istəmirlər deyə mən adlarını qeyd etmirəm. Onların məruz qaldığı işgəncə araşdırılmalı, Ombudsman təcridxanaya gələrək onlara baş çəkməlidir.
10-a yaxın “debenka” onları qollarını qandallayıb döyərkən bizi də durmadan təhqir edirdi. Biz həmin adamların nəfəsləri kəsilənə qədər döyülməsindən çox sarsılmışıq. Onların məruz qaldığı zorakılığı ictimailəşdirdikdən sonra təzyiq vasitəsi kimi bizi də saxlanıldığımız kameradan çıxarırlar.
Dövlət ittihamçısı 18 fevralda mənim, Aysel Ümüdova və Xəyalə Ağayevanın təcridxanada zorakılığa məruz qalması ilə bağlı niyə səssizdir? O, artıq Novruz tətilindən qayıdıb, bol-bol şəkərbura, paxlava yeyib gəlib. İndi bir zəhmət bir yerini tərpətsin və təcridxanaya gəlinib izahatlar alınması üçün iş görsün”.
Bu zaman hakim Aytac Tapdığın sözlərini yarıda kəsib və ona xəbərdarlıq etdiyini bildirib.
“Nə edəcəksiniz? Məndən Daxili İşlər Nazirliyinə şikayət edəcəksiniz?”, – jurnalist hakimə cavabında deyib.
“Burada qeyd etdiyim işgəncə faktları araşdırılsın. Döyülən həmin 2 məhbusla bağlı araşdırma başladılsın.
Bizim 18 fevralda məruz qaldığımız zorakılıqla bağlı prokurorluq izahatları almağı nə üçün gecikdirir? Bu işi Avropa İnsan Haqları Məhkəməsinə daşımayaq deyə? Nə etsəniz də şikayətimizi bu məhkəməyə göndərəcəyik”, – Aytac Tapdıq sözlərinə əlavə edib.
“Meydan TV işi” üzrə 12 nəfər mühakimə olunur. Onlar bu ittihamları qəbul etməyərək Azərbaycan hakimiyyətinin siyasi sifarişi ilə həbs olunduqlarını bildirirlər.