Ağcabədidə 13 yaşlı qız uşaq dünyaya gətirib, məhkəmə kişini şərti azadlığa buraxıb

Ağcabədidə 13 yaşlı qız uşaq dünyaya gətirib, məhkəmə  kişini şərti azadlığa buraxıb

Bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə bildirib ki, 13 yaşlı qız ev şəraitində uşaq dünyaya gətirib. Məhkəmənin hökmü ilə, cinayətə görə pedofil altı il azadlıqdan məhrum edilib, lakin o, şərti cəza çəkməklə sınaq müddətinə azadlığa buraxılıb:

“Bu gün həmin şəxs 13 yaşlı qızla bir evdə yaşayır və qız 18 yaşa çatdıqdan sonra onunla evlənməyi gözləyir. Bu vəziyyətin ortaya çıxardığı sual isə qanunun və cəzanın nə dərəcədə tətbiq olunduğudur. Qızın ailəsi ondan imtina edib. Ailə niyə uşağının hüquqlarını müdafiə etmir? Həmin ailə mütləq şəkildə icra hakimiyyətinə müraciət etməli və uşağın reabilitasiyasını təmin etməlidir. Bu şəraitdə qızın müdafiəsi necə təmin olunur, hüquqları necə qorunur?”.

Birliyin rəhbəri qeyd edib ki, qızın təhsil aldığı məktəbin direktoru uşağın hamiləlik vəziyyətinə nəzarət etmədiyinə görə işdən qovulub. Amma bu, dərsə gəlməmə məsələsinin təhsil məsələsi olduğunu göstərir: “Məktəb direktoru, uşaq üçün təhlükəli vəziyyətin qarşısını almaqda necə məsuliyyət daşımır? Bu məsələlər daha geniş təhsil siyasətinin zəif tərəflərini göstərir. Sonunda isə bir daha sual yaranır: Regionlarda qanun işləmir, yoxsa əxlaq və ənənələr qanunu təhrif edərək, ört-basdır edir? Bu cür məsələlərdə qanunu pozan məmurlar və qeyri-kafi müdaxilələr ciddi narahatlıq doğurur. Bu vəziyyət, erkən evliliklərin qarşısını almaq üçün edilən qanun dəyişikliyinə qarşı bir təhdid yaradır. Çünki qanunlar artıq pozulub və hər şeyin yavaş-yavaş normal qəbul edildiyi bir mühitə çevrilib”. – Ağazadə deyir.

Daha sonra hadisə sosial mediada da geniş yayılıb. İnsanlar bu mövzu ilə bağlı sosial media kampaniyası təşkil ediblər və hadisə minlərlə dəfə paylaşılıb. Sosial media istifadəçiləri azyaşlıların zorlanması və evliliyə məcbur edilməsi hallarının cəmiyyətin böyük bir kütləsi üçün “normal” hesab edildiyinə, cinayətkarların düzgün cəzalar almadığına diqqət çəkib. Hadisəni sosial mediada paylaşan feminist fəal Gülnara Mehdiyeva isə bildirib ki: “14 yaşına çatmayan şəxslərlə cinsi əlaqədə olmağın 3 ildən 6 ilə qədər həbslə cəzalandırılmalı olduğunu bilirik, əks halda, bu pedofiliyaya qarşı cəza sisteminin olmadığı mesajının verilməsidir” – o deyib.

Paylaş