Tramp administrasiyası azərbaycanlı geyi həbsdə saxlayır

Tramp administrasiyası azərbaycanlı geyi həbsdə saxlayır

ABŞ-da yaşayan azərbaycanlı evli gey cütlük bildirir ki, Donald Tramp administrasiyası onlardan birini Corciya ştatındakı immiqrasiya saxlanma mərkəzində həbsdə saxlayır. Halbuki onlardan birinin daimi oturumu olmasına rəğmən hər iki şəxs, ölkəni dərhal tərk etməyə razıdır. 

Bu haqda The Advocate kanalına danışan 30 yaşlı Samir Qədirov deyir ki, o və həyat yoldaşı artıq ABŞ-dan gedərək Azərbaycana qayıtmaq qərarına gəliblər. Lakin həyat yoldaşı Tural Atakişiyev hələ də qeyri-müəyyən səbəbdən saxlanma mərkəzindən azad edilmir.

40 yaşlı Atakişiyev yanvarın 14-dən bəri Corciya ştatındakı “Stewart Detention Center” (saxlanma mərkəzi) mərkəzində saxlanılır. Qədirovun sözlərinə görə, onlar hakimin qərarını gözləyirlər ki, Tural könüllü şəkildə ölkəni tərk edə bilsin. 

“Turalın Azərbaycana könüllü qayıdışı ilə bağlı hakim qərarını gözləyirik. Hətta könüllü çıxış prosesi belə çox uzundur” – o, The Advocate nəşrinə deyib. 

Qədirov bildirir ki, həyat yoldaşı artıq bir aydan çoxdur saxlanılıb və şərait, onun fiziki və psixoloji sağlamlığına ciddi təsir edib: “25 funt (≈11kq) arıqlayıb. Orada yemək yeyə bilmir. Psixoloji vəziyyəti yaxşı deyil, çox çətinlik çəkir”, deyə o qeyd edib.

“Ərim içəridədir, mən çöldə. Amma eyni hissləri, eyni gərginliyi yaşayıram” – Qədirov deyir.

Atakişiyev cütlüyün yaşadığı Şimali Karolina ştatında immiqrasiya qeydiyyatı zamanı saxlanılıb və daha sonra ölkənin ən böyük immiqrasiya həbs mərkəzlərindən birinə köçürülüb. Cütlük ötən ilin noyabrında Şarlott şəhərində evlənib. Onlar seçim qarşısında qalıblar: aylarla məhkəmə prosesini gözləmək və bu müddətdə Turalın həbsdə qalmasına razılaşmaq, ya da evliliklərinin tanınmadığı və kuir icmasının geniş yayılmış ayrı-seçkilik və polis təzyiqi ilə üzləşdiyi Azərbaycana qayıtmaq.

Qədirov deyir ki, onlar həyat yoldaşının sağlamlığını ABŞ-da qalmaqdan üstün tutublar. “Onun psixi sağlamlığı mənim üçün çox vacibdir. Beş-altı ay içəridə qalmağını istəmirik. Ona görə də bu həbs müddətini mümkün qədər qısaltmağa çalışırıq”.

Onun sözlərinə görə, indi həm məhkəmə qərarını, həm də ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin, yəni U.S. Immigration and Customs Enforcement (ICE) logistika məsələlərini həll etməsini gözləyirlər. “Hakim azadlığa buraxılma qərarı verəndən sonra yenə ICE ilə əlaqə saxlamalıyıq ki, bilet və digər məsələləri mümkün qədər tez həll edək. Hər mərhələdə bu quruma təzyiq göstərməyə çalışıram, amma proses çox yavaşdır”.

Qədirov bildirir ki, həyat yoldaşını həftədə 1 dəfə, yalnız şüşə arxasından görə bilir və bu görüş üçün Corciyaya 6 saat yol getməli olur. Onun sözlərinə görə, mərkəzdə yemək keyfiyyətsizdir və Tural panik ataklar keçirdiyi üçün təyin olunmuş dərmanlarını bir aydır ala bilmir. Dəfələrlə tibbi heyətlə görüş olsa da, real addımlar atılmadığını deyir. “Deyirlər baxacağıq, amma heç nə etmirlər” – o vurğulayır.

O, saxlanılan şəxslər üçün videozənglərin, telefon danışıqlarının və hətta daxili mağazadan alış-verişin ödənişli olduğunu, proses boyu çox pul xərcləməli olduqlarını deyir. Onun sözlərinə görə, Tural bəzən gündə yalnız bir dəfə yemək yeyir.

Mərkəzi idarə edən özəl şirkət CoreCivic isə The Advocate-a açıqlamasında konkret saxlanılan şəxsin sağlamlıq vəziyyəti ilə bağlı məlumat verə bilməyəcəyini bildirib və bunu federal tibbi məxfilik qanunları ilə əsaslandırıb. Şirkət ümumilikdə mərkəzdə təhlükəsiz və humanist şərait təmin etdiyini, 24 saat tibbi xidmət göstərildiyini və qidalanma menyusunun dietoloq tərəfindən təsdiqləndiyini bəyan edib. Açıqlamada həmçinin qeyd olunub ki, 2025-ci ilin iyununda ICE tərəfindən aparılan audit zamanı hər hansı pozuntu aşkarlanmayıb.

Qədirovun sözlərinə görə, həyat yoldaşı 2024-cü ildə ABŞ-a gəlib, müvəqqəti icazə ilə ölkəyə daxil olub, sığınacaq üçün müraciət edib və iş icazəsi alıb. Evlilik də onun üçün rezidentlik yolunu açıb. Qədirov bildirir ki, saxlanılana qədər Tural bütün qeydiyyat tələblərinə əməl edib.

Qədirov özü isə 2018-ci ildə “diversity visa lottery” proqramı vasitəsilə yaşıl kart (green card) qazanaraq ABŞ-a gəlib. O, 2019-cu ildən ABŞ-da yaşayır və deyir ki, ölkənin immiqrantlara qarşı bu qədər sərt münasibət göstərəcəyini gözləmirdi.

Cütlük Azərbaycana qayıdacağı təqdirdə evliliklərinin tanınmayacağını deyirlər. Qədirov deyir ki, emosional və maliyyə baxımından çətin vəziyyətdədirlər. Kiçik ev təmiri biznesi ilə məşğul olan cütlüyün işi də Tural saxlanıldıqdan sonra dayanıb. O, həmçinin yeni işə müraciət edə bilmədiyini bildirir, çünki həyat yoldaşı deportasiya olunacağı anda ölkəni tərk etməlidir.

Kilsə və immiqrant hüquqları üzrə fəaliyyət göstərən bir təşkilatın dəstəyi ilə onlar ianə toplama kampaniyasına başlayıblar. ABŞ-dan ayrıldıqdan sonra kənd ərazisinə köçməyi düşünürlər. Qədirov deyir ki, şəhərdə “bizim kimi insanlar üçün” iş tapmaq çox çətin olacaq. “Kənddə sıfırdan başlaya bilərik. Bəlkə kiçik ev tikərik, kənd təsərrüfatı və ya tikinti işi ilə dolanarıq. Sadəcə, sakit yaşamaq istəyirik”.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi daha əvvəl Atakişiyevin qeydiyyat görüşlərini buraxdığını iddia edib. Qədirov bunu qəti şəkildə təkzib edir. Onun sözlərinə görə, bütün hüquqi addımlar atılıb, sığınacaq üçün müraciət edilib, evlilik qeydə alınıb və lazımi sənədlər təqdim olunub. O, həmçinin nazirliyin tibbi xidmətlə bağlı iddialarını da “tam yalan” adlandırır.

The Advocate nəşrinin müraciətinə baxmayaraq, ICE məsələ ilə bağlı şərh verməyib. Daxili Təhlükəsizlik Nazirliyinin sözçüsü də suallara cavablandırmayıb.

Qədirov deyir ki, həyat yoldaşının saxlanıldığı gün hələ də ona real görünmür. “ABŞ-ı azad ölkə kimi tanıyırdım. ABŞ azadlıq demək idi. Amma indi belə deyil” – o bildirib.

Paylaş